TÜRKPA-nın fəaliyyətdə olan sədri Katibliyi ziyarət edib
23 fevral 2024

23 fevral 2024-cü il tarixində TÜRKPA-nın fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində TÜRKPA Katibliyini ziyarət edib.

Parlament sədrini TBMM üzvləri Elvan İşıq Gezmiş, Şamil Ayrım, Abdülkadir Emin Önen, İlyas Topsakal, Kürşad Zorlu, Mustafa Bilici və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cahit Bağcı müşayiət ediblər.

Qonaqları salamlayan TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er Katibliyin fəaliyyəti barədə məlumat verib.

TBMM sədri səmimi qəbula görə Baş katibə və Katibliyin əməkdaşlarına təşəkkür edib. O, türk dövlətləri arasında əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə, parlamentlərarası və türk əməkdaşlığının digər mühüm sahələrinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Sonda ailə fotosu çəkdirilib.