Elmi və texnoloji inkişafda parlamentlərin rolu mövzusunda seminar keçirilib
14 fevral 2024

14 fevral 2024-cü il tarixində TÜRKPA Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyası çərçivəsində “TÜRKPA üzv dövlətlərində elmi və texnoloji inkişafda parlamentlərin rolu və qanunvericilik dəstəyi” mövzusunda onlayn formatda seminar keçirilib.

Seminarda üzv parlamentlərin ekspertləri, müvafiq dövlət qurumlarının rəsmiləri və alimlər, həmçinin TÜRKPA Katibliyinin nümayəndələri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesten büdcənin ayrılması, büdcəyə nəzarət, təhsil infrastrukturunun yaradılması və TÜRKPA üzv dövlətlərinin inkişafına müsbət təsir göstərən elmi və texnoloji inkişafın stimullaşdırılmasında və ona dəstəyin verilməsində parlamentlərin rolunu xüsusi olaraq vurğulayıb. Seminarda, həmçinin Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin nümayəndəsi Asılxan Bibosinov və Qırğız Respublikasının Joqorku Keneşinin nümayəndəsi Kubanıçbek Murataliyev açılış nitqi ilə çıxış ediblər. Seminarda təqdim edilən çıxış və təqdimatlarda elm və texnologiyanın inkişafına qanunvericilik fəaliyyəti vasitəsilə dəstəyin verilməsində parlamentlərin rolundan bəhs edilib. Eyni zamanda, elmi və texnoloji inkişafa əsaslanan və “Sənaye 4.0” ilə əlaqəli “Cəmiyyət 5.0” konsepsiyası da vurğulanıb. Parlamentlərin süni intellektin tətbiq oluna biləcəyi sahələrdən biri olduğu qeyd edilib. Komissiyanın katibi Kadir Yamanın moderatorluğu ilə keçirilən seminar yekun qiymətləndirmələrlə sona çatıb.