TÜRKPA Missiyası Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidə edib
7 fevral 2024

Seçki Müşahidə Missiyası 7 fevral 2024-cü il tarixində Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidə edib. TÜRKPA Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mestenin rəhbərlik etdiyi missiyanın tərkibinə Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin üzvləri, həmçinin TÜRKPA Katibliyinin nümayəndələri daxil olub.

Missiya Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşlər keçirib.

Səsvermə günü TÜRKPA Missiyası Bakı, Şuşa və Xankəndi şəhərlərindəki seçki məntəqələrini ziyarət edib, ölkənin işğaldan azad edilmiş ərazilərində də seçkilərin müşahidəsini aparıb. Missiyanın müşahidəsi seçki məntəqələrinin açılması və səslərin sayılması da daxil olmaqla, bütün mərhələlərdə səsvermə prosesini əhatə edib. Missiya seçkilərin gedişatını izləyib, seçicilər, yerli müşahidəçilər və seçki məntəqələrinin rəsmiləri ilə söhbətlər aparıb. Missiya üzvləri yerli KİV-ə müsahibə veriblər.

MSK-nın ilkin məlumatına görə, seçkilərdə seçici fəallığı təxminən 76,73 faiz təşkil edib. MSK seçkinin ilkin nəticələrini elan edərək, cənab İlham Əliyevin təxminən 92,10 faiz səslə seçkilərdə qalib gəldiyini bildirib.

Növbəti gün Missiya müşahidəsinin ilkin nəticələrinə dair mətbuat konfransı keçirib. Missiya 7 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərinin milli qanunvericiliyə və beynəlxalq seçki standartlarına uyğun keçirildiyi qənaətinə gəlib.

Proqrama TÜRKPA Katibliyinə ziyarət də daxil olub. Missiya üzvləri Azərbaycanda olduqları müddətdə işğaldan azad edilmiş ərazilərdə Cıdır düzü, Şuşa qala divarları və Saatlı məscidi kimi tarixi əhəmiyyətli yerləri ziyarət etmək imkanı əldə ediblər.