TÜRKPA APA-nın 14-cü plenar sessiyasında iştirak edib
22 fevral 2024

22 fevral 2024-cü il tarixində TÜRKPA Baş katibi Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyində Asiya Parlament Assambleyasının (APA) “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən 14-cü plenar sessiyasında iştirak edib.

Sessiyada 40 ölkədən parlament nümayəndə heyətləri, o cümlədən 10 ölkənin parlament sədrləri iştirak ediblər.

Sessiyada APA-nın Baş katibi Məhəmməd Rza Məcidi, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd Əlmusəlam, İraq Nümayəndələr Şurasının sədri Möhsin Əli Əkbər Əl-Mandalavi, Maldiv Xalq Məclisinin sədri Mohamed Aslam, Şri-Lanka parlamentinin sədri Mahinda Yapa Abeyvardana, Tacikistan Respublikası Ali Məclisinin Məclisi Namoyandaqonunun sədri Mahmadtoir Zokirzoda, Milli Assambleyanın prezidenti, Tailand Nümayəndələr Palatasının sədri Van Muhamad Nur Matha, Oman Şura Məclisinin sədri Xalid Hilal Nasser Al Maavali, BƏƏ Federal Milli Şurası sədrinin birinci müavini Tariq Humaid Matar Mohd Altayer, Özbəkistan Respublikası Ali Məclisi Senatı sədrinin birinci müavini Sodiq Safoev, Fələstin Milli Şurasının sədr müavini Əli Əhməd Faysal, Qətər Şura Məclisinin sədr müavini Həmdə Həsən Əl-Sulaiti, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədr müavini Petr Tolstoy açılış nitqi ilə çıxış ediblər.

Asiya ölkələri arasında həmrəylik və əməkdaşlığı təmin edəcək mühüm nəticələrin əldə olunacağına ümidini ifadə edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Türkiyənin 2017-ci ildən APA-dakı sədrliyini Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova təhvil verib.

Sessiya APA-nın daimi komitələrinin iclasları ilə davam edib. Sessiyada, həmçinin Bakı Bəyannaməsi və 14-cü plenar sessiyanın yekun hesabatı qəbul edilib.