Bakıda Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclası keçirilib
4 mart 2024

4 mart 2024-cü il tarixində Bakıda TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının “TÜRKPA üzv dövlətlərində elmi və texnoloji inkişafda parlamentlərin rolu və qanunvericilik dəstəyi” mövzusunda 11-ci iclası keçirilib. Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyi etdiyi iclasda komissiyanın üzvləri, parlament ekspertləri və TÜRKPA Katibliyinin nümayəndələri iştirak ediblər.

İclasa komissiyanın sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı Osman Mesten sədrlik edib. Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov ev sahibi parlament adından salamlama nitqi ilə çıxış edib. Komissiyanın sədri Osman Mesten və komissiyanın digər üzvləri - Azərbaycan Respublikası Milli Məclisinin deputatları Cavanşir Feyziyev və Məlahət İbrahimqızı, komissiyanın sədr müavini, Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı Abzal Kuspan, Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı Bibiqul Jeksenbay (hər ikisi onlayn formatda), Qırğız Respublikasının Joqorku Keneşinin deputatı Nurjigit Kadırbekov, Türkiyə Böyük Millət Məclisinin deputatı Filiz Kılıç və Baş katib Mehmet Süreyya Er tədbirdə çıxış ediblər.

Komissiya sədri öz çıxışında 32 il əvvəl baş vermiş Xocalı soyqırımının acı xatirəsinin hələ də təzə olduğunu vurğulayıb. O, günahkarların məsuliyyətə cəlb edilməsi üçün başlanmış “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətini qeyd edib. O, həmçinin Azərbaycan nümayəndə heyətinin müvafiq səbəblərə görə Avropa Şurası Parlament Assambleyasındakı iştirakını dayandırmaq qərarını xatırladıb və bu kontekstdə qardaş Azərbaycanın yanında olduqlarını ifadə edib. Komissiya üzvləri gündəlikdə duran məsələləri müzakirə edərək komissiyanın hesabat məruzəsini və tövsiyə qərarını, “Fərdi məlumatların qorunması haqqında” Model qanunu Assambleyanın 13-cü plenar iclasına təqdim etmək üçün təsdiq ediblər. Komissiya növbəti iclasının mövzusunu müəyyən edib və növbəti iclasın 2025-ci il Qazaxıstanda keçirilməsinə dair qərar qəbul edib.