Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dillər Universitetinin İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Əməkdar müəllimdir.
1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim işləmişdir. 1981–2000-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, 2000–2020-ci illərdə Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru, Avropa dilləri kafedrasının müdiri, Beynəlxalq əlaqələr üzrə prorektoru (2010–2020-ci illərdə ictimai əsaslarla) olmuşdur. 2006-cı ildə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin Gender Araşdırmaları İnstitutunda çalışmışdır. 2012–2013-cü illərdə Avropa Şurasının Parlament Assambleyasında İrqçiliyə və ksenofobiyaya qarşı alt komitəyə, 2014–2015-ci illərdə Gender bərabərliyi alt komitəsinə rəhbərlik etmiş, 2015–2017-ci illərdə «Zorakılıqdan azad qadınlar» şəbəkəsinin siyasi əlaqələndiricisi, Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçi, 2016–2018-ci illərdə Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri, Büro üzvü olmuşdur. 2015-2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini vəzifəsində çalışıb.2018–2020-ci illərdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2020-ci il martın 10-da Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilmişdir.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Parlamentlərarası İttifaq, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, Cənub-Şərqi Millətlər Assosiasiyasının Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri.
2016-cı ildə Prof.Dr.Sahibə Qafarovaya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adı verilmişdir.