A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr edilmiş TürkPA Baş katibi Jandos Asanovun məqaləsi - Turk-PA.org
Thursday, 02 December 2021, 10:29:42 — Baku (UTC+4)
Türk Dili Konuşan Ülkeler Parlamenter Asamblesi

Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr edilmiş TürkPA Baş katibi Jandos Asanovun məqaləsi

21.04.2016 16:23
MƏDƏNİYYƏTLƏRİN YOLAYRICINDA

Bu il dövlət müstəqilliyinin 25-ci ildönümünü qeyd edən müasir Azərbaycan Respublikası həm dünya miqyasında, həm də türkdilli ölkələr arasında xüsusi yeri olan nüfuzlu və inkişaf etmiş dövlətdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan əsrlər boyunca mədəniyyətlərin və sivilizasiyaların kəsişmə nöqtəsində yerləşib. Bütün bunlar Azərbaycan mədəniyyətinin təşəkkülündə, tolerantlığın formalaşmasında, xalqın ana dilinin ən yüksək elmi və bədii fikirləri ifadə etmək imkanlarının genişlənməsində mühüm rol oynayıb.


Ölkənin tarixi keçmişi keşməkeşlidir. Lakin müxtəlif ictimai-siyasi-iqtisadi formasiyalarda müxtəlif növlü dövlətçilik ənənələrinə malik olmuş Azərbaycan xalqı hər zaman özünün milli ruhunu qorumuş, azadlıq və müstəqillik ideallarına sadiq qalmışdır. Azərbaycan öz zəngin tarixi və mədəni irsini qoruyub saxlayaraq yüksək səviyyədə bəşəri dəyərləri təmin edən müasir Türkdilli, eləcə də multikulturalizm və tolerantlığın hökm sürdüyü bir məmləkətdir.

Müstəqilliyinin bərpasından ötən 25 ildə Dağlıq Qarabağ münaqişəsi ölkədə çaxnaşma yaradaraq dəhşətli insan faciəsinə yol açmışdır, lakin buna baxmayaraq Azərbaycan bütün sahələrdə böyük uğurlar qazandı, xalqın rifah halı yaxşılaşdı, ölkənin sosial-iqtisadi inkişafında böyük nailiyyətlər əldə olundu.

Azərbaycanın nailiyyətlərini saymaqla qurtarmaz. Ölkədə gedən abadlıq və quruculuq işləri yalnız paytaxtı deyil, bölgələri də əhatə edir. Həmin bölgələrdən biri də ölkənin şimal-qərbində yerləşən, vaxtilə Şəki xanlığının mərkəzi olmuş Şəki rayonudur. Şəkidə qorunub saxlanan Xan sarayı, Karvansaray və digər tarixi abidələr bu şəhərin qədim memarlığını, sənətkarlıq nümunələrini müasir nəsillərə möhtəşəm şəkildə təqdim edir. Gözəl təbiəti, dadlı-ləzzətli mətbəxi ilə turistləri cəlb edən Şəki bu il, yəni 2016-cı ildə Türk dünyasının mədəni paytaxtı elan olunmuşdur.

Xəzərin incisi sayılan Bakı gündən-günə gözəlləşir. Şərq-Qərb memarlığının vəhdətini əks etdirən bu şəhər öz gözəlliyi və əzəmətli müasir tikililəri ilə dünyanın istənilən paytaxt şəhəri ilə rəqabət aparmağa qadirdir. Bakının memarlıq siması öz keçmişini və milli ornamentlərini qayğıkeşliklə qoruyaraq ən cəsarətli layihələri reallaşdırmaqla gələcəyə doğru addımlayır.

Hazırda beynəlxalq ictimaiyyət Azərbaycanı öz inkişafında bir çox nailiyyətlərə imza atan etibarli tərəfdaş kimi tanıyır. Ölkə həm də nüfuzlu beynəlxalq tədbirlərə və idman yarışlarına ev sahibliyi edir. 2016-cı ilin aprel ayının 25-dən 27-dək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi faktı dünyanın bu ölkəyə etimad və ehtiramının parlaq sübutudur. Bu hadisə məhz Prezident İlham Əliyevin bu ilin Azərbaycanda multikulturalizm ili elan etdiyi bir zamanda baş tutdu.

Müstəqilliyinin nailiyyətləri sırasında bir mühüm hadisəni də qeyd etməyi vacib bilirəm. 2015-ci ildə Bakıda çox yüksək səviyyədə, incə zövqlə və mükəmməl şəkildə təşkil edilmiş Birinci Avropa Oyunları dünya miqyasında qarşılıqlı anlaşma və ehtiram dəyərlərinin təbliği istiqamətində böyük töhfə verdi, idman sahəsində olduqca möhtəşəm və mədəni hadisə oldu. Həmin idman yarışları ortaq türk irsinin bir hissəsi olan zəngin Azərbaycan mədəniyyətinin tam çalarları ilə təqdim edilməsinə böyük imkan yaratdı.

Digər mədəniyyətlər və dinlərə ehtiram, tolerantlıq türkdilli xalqlar arasında dərin köklərə malik dəyərdir. Bu xalqlar geniş coğrafi ərazidə məskunlaşaraq müxtəlif dinlərin bir sıra qolları da daxil olmaqla islam, xristianlıq, iudaizm, buddizm, şamanizmə etiqad edirlər. Türkdilli xalqların mədəniyyətləri coğrafi məskunlaşma və digər icmalarla sıx qarşılıqlı əlaqələr baxımından müxtəliflik təşkil edir, həmçinin onların xarici görünüşü də müxtəlif insan irqlərinə məxsus xüsusiyyətləri özündə birləşdirir.

Məlumdur ki, hər bir vətəndaşın və ailənin rifahı və firavanlığı hökumət üçün prioritet məsələdir. Azərbaycanda dövlət ölkənin ərzaq təhlükəsizliyi sahəsində strateji məqsədlərinə nail olmuşdur ki, bu da iqtisadiyyatın şaxələndirilməsi sahəsində müsbət nəticələr vermişdir. Yerli istehsal mallarının daim artan kəmiyyət və keyfiyyəti dediklərimizə bariz sübutdur.

Hökumət sosial məsələlərin həllində bütün mümkün addımları atır. Əmək haqları və pensiyalar əhəmiyyətli dərəcədə artıb, ölkədə yoxsulluq dərəcəsi 5 faizə enmişdir. Son 12 il ərzində Azərbaycanda 1 milyon 500 min iş yeri açılmışdır, onlardan 1 milyonu daimi iş yerləridir. Əhalinin sayı 9.7 milliona çatmışdır. Son 10 il ərzində sosial infrastrukturun inkişafı daha təsirli olmuşdur: 400-dən artıq tibb müəssisələri, 2700 məktəb və müxtəlif təyinatlılar da daxil olmaqla 50-yə yaxın idman obyektləri tikilmiş və ya tamamilə yenilənmişdir.

Azərbaycan hökumətinin uzunmüddətli strateji məqsədləri “Azərbaycan – 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əks olunmuşdur. Bu konsepsiya ölkənin inkişafında yeni mərhələyə qədəm qoyduğu bir zamanda gələcək hədəf və prioritet məqsədləri müəyyənləşdirir. Konsepsiyada qeyd edildiyi kimi, Azərbaycan hazırda dünya miqyasında hökm sürən qlobal iqtisadi böhran fonunda tədricən iqtisadiyyatın diversifikasiyasına nail olmuş və neft sektorundan asılılığı əhəmiyyətli dərəcədə azaltmışdır. Azərbaycan üçün post-neft dövrü artıq başlayıb və hökumətin bu istiqamətdə atdığı addımlar öz səmərəliliyini göstərir. Bu addımlar qlobal iqtisadi böhran fonunda öz nəticələrini vermiş oldu.
Azərbaycan Prezident İlham Əliyev 2015-ci ildə Türkiyədə keçirilmiş G20 Sammitinə dair xüsusi buraxılışda - “Ümumi strategiyanın formalaşdırılması” sərlövhəli məqalədə bu istiqamətlər barədə qeyd etmişdir: “İqtisadiyyatın ənənəvi sektorları yenidən qurulmuş və turizm, hava və hərbi müdafiə sənayeləri, informasiya/kommunikasiya texnologiyaları və digər sahələr yaradılmışdır. Azərbaycan öz 2 peykini işə salmaqla kosmik dövlətlər sırasına keçmişdir.”

Yola saldığımız 25 ilə nəzər salarkən görürük ki, iqtisadi nailiyyətlər kifayət qədərdir. Faktlara müraciət edək:
- Azərbaycanda ÜDM (Ümumi Daxili Məhsulu) 3,4 dəfə artmışdır;
- Qeyri-neft sektoru və sənaye istehsalında 3 dəfə artım olmuşdur;
- Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payı son 12 il ərzində artırılaraq 2015-ci ilin ilk səkkiz ayında 70 faizə çatdırılmışdır;
- 2003-cü ildən Azərbaycan iqtisadiyyatı 200 milliard dollara yaxın investisiya cəlb edilmişdir.
- Kənd təsərrüfatı sektorunda artım (bu sahəyə son illərdə xüsusi diqqət yetirilmişdir) 6,6 faizədək artım qeydə alınmışdır;
- Dünya İqtisadi Forumu iqtisadi baxımdan göstəricilərinə və dünya miqyasında rəqabət qabiliyyətinə görə Azərbaycanı 40-cı yerdə sıralamışdır.
Onu da vurğulamaq lazımdır ki, son illər Azərbaycan höküməti yerli istehsala çox böyük əhəmiyyət verir. Həm dövlət, həm də özəl sektorlara maliyyə vəsaitləri ayrılmışdır. Ölkədə biznes mühitinin yaxşılaşdırılması, həmçinin iqtisadiyyatda və maliyyə sektorunda şəffaflığının təmin edilməsi məqsədi ilə ciddi iqtisadi islahatlar aparılır.

Məlum olduğu kimi, Azərbaycan qlobal enerji təhlükəsizliyində önəmli rol oynayır. Bakı -Tbilisi -Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərləri kimi qlobal regional layihələrin həyata keçirilməsində aktiv iştirak edən Azərbaycan neft-qaz ehtiyatları ilə Avropanın enerji təminatçısına çevrildi və qlobal enerji təhlükəsizliyində mühüm rol oynadı.

Böyük İpək Yolunun ayrılmaz hissəsini təşkil etməklə, Azərbaycan geostrateji mövqeyi ilə nəqliyyat dəhlizlərinin yaradılmasında da geniş potensiala malikdir. Ölkə regional nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməklə real olaraq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzi olmuşdur. 2014-ci ildə istismara verilmiş Bakı Beynəlxalq Dəniz Limanı, həmçinin müasir beynəlxalq hava nəqliyyatı sistemi, yaxın gələcəkdə istifadəyə veriləcək Bakı -Tbilisi- Qars dəmir yolu və Bakı–Aktau bərə xəttinin inkişafı nəqliyyat sektorunun İpək Dəmir Yolu, İpək Dəniz Yolu, İpək Enerji Yolu, İpək Fiber Optik Yolu, Mədəniyyətlərin Ipək Yolu və s. kimi yeni məzmunlarının meydana çıxmasına rəvac vermişdir.

Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan qardaş türkdilli ölkələrin arasında əlaqələrin inkişafına çox böyük töhfələr bəxş etmişdir. Azərbaycanın hərtərəfli dəstəyi ortaq köklərə malik olan xalqlar arasında sürətlə inkişaf edən əməkdaşlığın institutlaşmasına təkan vermişdir. Bu yaxınlarda Bakıda Prezident İlham Əliyevin təşəbbüsü ilə türk mədəniyyətini, incəsənətini və tarixi dəyərlərini dünyaya təşviq etmək məqsədilə Türk Mədəniyyəti və İrsi Fondu yaradılmışdır. 2010-cu ildən fəaliyyətə başlamış TürkPA Katibliyinin Bakı şəhərində yerləşməsi təsadüfi deyildir. Tarixdə ilk türkdilli respublika, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə məhz burada yaradılmışdır. Qısa ömürlü olsa da, Azərbaycan Demokratik Respublikası türk dünyasına davamlı miras buraxmışdır.

Ölkənin son 25 ildə əldə etdiyi nailiyyətlərdən danışarkən Dağlıq Qarabağ münaqişəsindən yan keçmək çətindir. Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) hər zaman həlli uzadılmış bu münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipinə əsaslanaraq, sülh yolu ilə həllinə çağırmışdır. Münaqişənin həlli regionda uzunmüddətli sabitliyə, rifah və ölkələr arasında qarşılıqlı perspektivlərinə imkan yaradar.

Azərbaycan Respublikasının ən son nailiyyətləri hökumətin tarazlaşdırılmış, uzun-müddətli və düşünülmüş siyasəti ilə yanaşı, Azərbaycan xalqının, bu millətin öz ana vətənini dinamik inkişaf edən iqtisadiyyatla müasir firavan dövlətə çevirmək ideyasına sadiqliyi nəticəsində mümkün olmuşdur. Ölkə bu günə qədər elmin, təhsilin və gənc nəslin inkişafına nəhəng sərmayələr qoymuşdur. Şübhəsiz ki, bundan sonra da qabaqcıl elmi-texnoloji potensialı, yüksək səviyyəli insan resursları mədəniyyətlərin və sivilizasiyaların yolayrıcında yerləşən Azərbaycan üçün parlaq üfüqlər açacaqdır.