TÜRKPA-da sәdrlik Qırğızıstana keçmişdir
8 dekabr 2017-cil tarixində Bişkekdə keçirilmiş Assambleya Şurasının 7-cı İclasında Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov, Qazaxıstan Parlamenti Məclisin Sədr müavini xanım Gülmira İsimbayeva, Türkiyə Böyük Millət Məclisinin Sədri cənab İsmayıl Kahraman və TÜRKPA-nın Baş katibi cənab Jandos Asanov iştirak etmişdir.
İclas TÜRKPA-da sədrliyin Qazaxıstandan Qırğızıstana keçməsi mərasimi ilə başlamışdır.
Qırğızıstan Respublikasının Joqorku Keneşinin Sədri cənab Dastanbek Jumabekov Qazaxıstanın TÜRKPA-da sədrliyi dövründə məhsuldar fəaliyyətinə Qazaxıstanlı həmkarına minnətdarlığını bildirmiş və Qırğızıstan tərəfinin parlamentlərarası əməkdaşlığın və dialoqun inkişaf etdirilməsində lazımi səylər göstərəcəyini əminliklə ifadə etmişdir. Türkdilli ölkələr arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini vurğulayan Sədr, Qırğızıstanın TÜRKPA-da sədrliyi dövründə üzv ölkələri arasında qarşılıqlı əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə çatacağına ümidvar olduğunu xüsusi olaraq qeyd etmişdir.