Thursday, 23 March 2023, 02:15:04 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Bakı-Tbilisi-Qars dәmiryolu xәttinin açılış mәrasimi

30 oktyabr 2017-ci il tarixində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin rəsmi açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Recep Tayyip Erdoğan və xanımı Emine Erdoğan, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstanın Baş naziri Bakıtjan Sagintayev, Özbəkistanın Baş naziri Abdullah Aripov, eləcə də Tacikistan və Türkmənistandan olan nümayəndə heyəti möhtəşəm mərasimdə iştirak etmişdir.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev qeyd etmişdir ki, Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.

Sonra Prezident layihənin tarixi və əhəmiyyəti haqqında məlumat vermişdir. Həmçinin o, iştirakçıları layihənin nəinki iştirakçı ölkələr, həmçinin Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, eləcə də Əfqanıstan kimi ölkələrə faydalı olacağı haqqında danışmış, layihə ilə bu ölkələr üçün Avropa və dünya bazarına çıxışın asanlaşacağını qeyd etmişdir.

Beləliklə, ilkin mərhələdə dəmiryolu xətti vasitəsilə bir mln. sərnişin və 6,5 mln. ton yük daşınması nəzərdə tutulmuşdur. Sonra isə daşınma gücü 3 mln. sərnişin və 17 mln. yük daşınmasına qədər çatacaqdır.

Bu dəmiryolu xəttinin regionda turizmin inkişafına böyük təsiri olacaq. Bu xəttin istismarı regionda stabilliyyə ən böyük tövhədir və bu tövhənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır.

Daha sonra Türkiyə Respublikasının Prezidenti Recep Tayyip Erdoğan, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Qazaxıstanın Baş naziri Bakıtjan Sagintayev və Özbəkistanın Baş naziri Abdulla Aripov çıxış etmişdir.

Açılış mərasimində dövlət və hökumət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çivlərini vurmuş və yoldəyişən qurğunu işə salmışdır. Bununla da Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola salınmışdır.

Sonda dövlət və hökumət başçıları qatarla açılış mərasiminin davam etdiyi Ələt limanından Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Ələt dəmir yolu stansiyasına yola düşmüşdür.

TürkPA Baş katibi Jandos Asanov Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışında iştirak etmişdir.