Qırğızıstanda beynəlxalq forum

Beynəlxalq Qar Bəbiri və Ekosistem Forumu 24-25 avqust, 2017-ci il tarixlərində Bişkekdə baş tutmuşdur. Qırğızıstan Prezidenti Almazbek Atambayevin ev sahibliyində təşkil olunan tədbirdə Birləşmiş Millətlər təşkilatı da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri ilə yanaşı, qar bəbirinin yayıldığı 12 ölkədən yüksək dərəcəli rəsmilər iştirak etmişdir.
Qırğızıstan Prezidenti Almazbek Atambayevin açılışını etdiyi Forum daha sonra Qlobal Qar Bəbiri və Ekosistemin Mühafizəsi Proqramı (GSLEP) və digər ətraf mühitlə bağlı təşəbbüslərin həyata keçirilməsi üzrə layihələrin təqdimatına həsr edilmiş ikinci sessiya ilə davam etmişdir.
Forum məsələ ilə bağlı tövsiyə və qərarların xülasəsinin əks olunduğu Bişkek Bəyannaməsinin qəbulu ilə yekunlaşmışdır. TürkPA Baş katibinin müavinləri Kürşad Sarıarslan və Altınbek Mamayusupov Forumda iştirak etmiş və Ətraf Mühitin Mühafizəsi və Meşə Təsərrüfatı üzrə Dövlət Agentliyinin rəhbəri cənab Abdikalik Rustamovla görüşmüşdür. Görüş ərzində TürkPA-nın ətraf mühit sahəsində fəaliyyəti və TürkPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının müvafiq işi barədə cənab Rustamova məlumat verilmişdir. Həmçinin hər iki tərəf gələcəkdə birgə fəaliyyət imkanları barədə danışmışdır.