Friday, 27 January 2023, 16:12:25 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Özbəkistan Türk Milli Mədəniyyət Mərkəzinin 25-ci ildönümü

12-13 noyabr 2022-ci il tarixində Baş katib Mehmet Süreyya Er Daşkənddə keçirilən Özbəkistan Türk Milli Mədəniyyət Mərkəzinin 25-ci ildönümünə həsr olunmuş proqramda iştirak etmişdir.

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçunun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri bayram tədbirlərində qonaq qismində iştirak etmək məqsədilə Özbəkistana səfər etmişdir.

12 noyabr 2022-ci il tarixində, yubiley proqramının birinci günü çərçivəsində Böyük Vətən Müharibəsi illərində müxtəlif millətlərdən olan 15 kimsəsiz uşağa sığınacaq vermiş Şomahmudovlar ailəsinin abidəsi önünə əklil qoyma mərasimi keçirilmişdir. Abidə Özbəkistan xalqının dostluğunu, nəcibliyini və tolerantlığını simvolizə edir. Mərasimdən sonra Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində “Özbəkistan-Türkiyə mədəni-humanitar əməkdaşlığının yeni dövrü və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans təşkil olunmuşdur.

Konfransda Özbəkistan Respublikası Nazirlər Kabineti yanında xarici ölkələrlə dostluq əlaqələri, millətlərarası münasibətlər üzrə Komitənin rəhbərliyi və rəsmiləri, Türkiyə Respublikasından gələn qonaqlar, Daşkənd Dövlət Özbək Dili Universitetinin müəllim və tələbələri, eləcə də Ədəbiyyat, Tətbiqi Etnologiya laboratoriyasının əməkdaşları, milli mədəniyyət mərkəzlərinin və digər ali təhsil müəssisələrinin fəalları iştirak etmişdir.

Tədbirdə Nazirlər Kabineti yanında xarici ölkələrlə dostluq əlaqələri, millətlərarası münasibətlər üzrə Komitənin sədri Rüstəm Qurbanov, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Özbəkistan Türk Milli Mədəniyyət Mərkəzinin sədri Ömər Salman və başqaları təbriklərini çatdırmışdır. Dəvət olunmuş qonaqların məruzələri dinlənilmişdir.

Konfransda qeyd edildiyi kimi, millətlərarası harmoniya və tolerantlıq özbək xalqının mənəviyyatının və mədəniyyətinin tərkib hissəsidir. Tədbirdə, həmçinin ölkənin inkişafında türklərin rolu ilə bağlı da fikirlər səsləndirilimişdir.

Günün ikinci yarısında Nazirlər Kabineti yanında xarici ölkələrlə dostluq əlaqələri, millətlərarası münasibətlər üzrə Komitəsində Türkiyə nümayəndə heyətinin üzvləri ilə görüş keçirilmişdir.

13 noyabr 2022-ci il tarixində keçirilən mədəni proqram çərçivəsində Xalqlar Dostluğu Meydanına və Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinə səfərlər təşkil edilmiş, tədbir iştirakçıları üçün Qala Konsert keçirilmişdir.