Sunday, 25 September 2022, 05:24:42 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA ATƏT PA-nın 29-cu illik sessiyasında iştirak etmişdir

2-6 iyul 2022-ci il tarixində Baş katibin müavini Fuad Ələkbərov Böyük Britaniya Parlamentinin evsahibliyində Birminqem şəhərində keçirilən ATƏT PA-nın 29-cu illik sessiyasında iştirak etmişdir. Tədbir ATƏT PA üzv ölkələrindən 250 parlamentarini bir araya gətirmişdir. Assambleya sessiyası üç plenar iclas, daimi, əsas və xüsusi komitələrin iclasları, xüsusi nümayəndələrin hesabatları, büro iclasları, eləcə də bir sıra ikitərəfli görüşlər və sessiya çərçivəsində keçirilən toplantılardan ibarət olmuşdur.

Sessiyada ATƏT rəhbərliyi və ev sahibi rəsmiləri açılış çıxışları etmişdir. Açılışda ATƏT PA-nın prezidenti Marqareta Sederfelt, Birləşmiş Krallığın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Con Vittinqdeyl, Vimbledon Lordu, Cənubi və Mərkəzi Asiya, Şimali Afrika, Birləşmiş Millətlər Təşkilatı, Birlik və ATƏT üzrə Dövlət Naziri Tariq Əhməd, İcmalar palatasının Spikeri Sir Lindsi Hoyli salamlama çıxışları etmişdir.

TÜRKPA həmçinin bu çərçivədə müvafiq olaraq Azərbaycan və Qazaxıstan nümayəndə heyətləri tərəfindən təşkil edilən “İpək Yolu Qrupunun 7-ci iclası” və “Dəyişən dünyada yeni Qazaxıstanın yaradılması və müasir çağırışlar” mövzusunda toplantılara qatılmışdır.

İntensiv müzakirələrdən sonra Assambleya Birminqem Bəyannaməsini qəbul etmişdir.

TÜRKPA ATƏT PA-nın tədbirlərində müntəzəm olaraq qonaq qismində iştirak edir.