Sunday, 25 September 2022, 07:01:38 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak edib

30 iyun 2022-ci il tarixində Baş katib Mehmet Süreyya Er Azərbaycanın paytaxtı Bakı şəhərində, Heydər Əliyev Mərkəzində keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev konfransda iştirak etmiş və tədbirdə çıxış etmişdir.

Sonra Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarova çıxış edərək konfransın gündəliyi barədə məlumat vermişdir.

Konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunmuş, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq edilmiş, qurumun sədri və sədr müavinləri seçilmişdir.

1 iyul 2022-ci il tarixində Konfrans zamanı Baş katib tədbirin mövzusu olan “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusunda çıxış etmişdir. Baş katib çıxışında müasir dünyamızda parlament diplomatiyasının artan rolundan, eləcə də dünyada sülhün və dayanıqlı inkişafın əldə edilməsində parlament əməkdaşlığının və parlamentlərarası assambleyalar çərçivəsində qarşılıqlı fəaliyyətin mühüm rolundan bəhs etmişdir.

Konfrans 40-dan çox ölkənin parlament nümayəndə heyətlərini və 9 beynəlxalq parlament təşkilatının təmsilçilərini bir araya gətirmişdir.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Azərbaycanın azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.