Sunday, 25 September 2022, 04:51:14 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Çolpon-Atada Assambleya Şurasının iclası baş tutub

24 iyun 2022-ci il tarixində Qırğız Respublikasının Çolpon-Ata şəhərində Qırğız Respublikasının Joqorku Keneşinin evsahibliyində TÜRKPA Şurasının on birinci iclası keçirilmişdir. Şura üzvləri – Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Talant Mamıtov, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Baş katib Mehmet Süreyya Erin iştirak etdiyi iclasda TÜRKPA sədrliyinin Qazaxıstan Respublikası Parlamentindən Qırğız Respublikasının Joqorku Keneşinə təhvil verilməsi mərasimi baş tutmuşdur. Parlament sədrləri açılış nitqi ilə çıxış etmiş, öz növbəsində, TÜRKPA-nın fəaliyyətdə olan sədri Talant Mamıtov qazaxıstanlı həmkarına Qazaxıstanın sədrliyi ərzində göstərilmiş təqdirəlayiq fəaliyyətə görə minnətdarlığını bildirmişdir.

Şura gündəlikdəki məsələləri müzakirə edərək bir sıra mühüm qərarlar qəbul etmişdir. İclasda, həmçinin “Türkdilli Ölkələrin Parlament Assambleyası”nın adının dəyişdirilərək “Türk Dövlətləri Parlament Assambleyası” adlandırılması qərara alınmışdır. Şura Assambleyanın yeni bayrağı və loqosunu qəbul etmiş, parlamentlərarası əməkdaşlığın prioritet sahələrini əhatə edən TÜRKPA-nın 2023-2028-ci illər üçün Strateji Yol Xəritəsini təsdiqləmişdir.