Sunday, 25 September 2022, 06:57:31 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Terrorizmə qarşı Mübarizə üzrə Parlament Forumunda iştirak edib

22-23 iyun 2022-ci il tarixlərində Katibliyin nümayəndələri “Asiyada zorakı ekstremizmə qarşı müqavimətin gücləndirilməsi” adlı Avropa İttifaqı (Aİ)-Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfdaşlığı çərçivəsində BMT-nın Terrorizmə qarşı Mübarizə Ofisi, Aİ və BMT-nın Mərkəzi Asiyada preventiv diplomatiya üzrə Regional Mərkəzinin İstanbul şəhərində hibrid formatda birgə təşkil etdiyi yüksək səviyyəli Parlament Forumunda iştirak etmişdir. Tədbirin mövzusu “Mərkəzi Asiya Dövlətlərinin Qadın Parlamentarilərinin Zorakı Ekstremizmə Qarşı Mübarizə Üzrə Milli Fəaliyyət Planlarının həyata keçirilməsində rolu” olmuşdur.

Açılış mərasimində BMT-nın Baş katibinin xüsusi nümayəndəsi, BMT-nın Mərkəzi Asiyada preventiv diplomatiya üzrə Regional Mərkəzinin rəhbəri Nataliya German, BMT-nın Terrorizmə qarşı Mübarizə Ofisi - BMT-nin Terrorizmə qarşı Mübarizə Mərkəzinin direktoru Cehangir Xan, eləcə də MDB PA-nın Baş katibinin müavini Aydın Cəfərov çıxış etmişdir.

Tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın milli parlamentlərinin nümayəndələri, Mərkəzi Asiya dövlətlərinin Qadın Liderlər Dialoqunun üzvləri, qadın liderlər qrupları, parlament assambleyaları, vətəndaş cəmiyyəti təşkilatları, həmçinin beynəlxalq ekspertlər, o cümlədən BMT-nin Terrorizmə qarşı Mübarizə Ofisi - BMT-nin Terrorizmə qarşı Mübarizə Mərkəzinin nümayəndələri iştirak etmişdir.

Yeddi sessiyadan ibarət olan forumda iştirakçılar qadınların bilik, ekspertiza və təcrübə vasitəsilə zorakı ekstremizmin qarşısının alınması və onunla mübarizədə mühüm rolunun tanınması; terrorizmin və zorakı ekstremizmin gender aspektlərinin daha yaxşı dərk edilməsi, təşviqi və gender perspektivlərinin inteqrasiyasının radikallaşmasına kömək edə biləcək struktur amillərinin aradan qaldırılmasına dəstək; qadın parlamentarilərin BMT-nin Terrorizmə qarşı Mübarizə quruluşu və zorakı ekstremizmin qarşısının alınması səylərində gender amillərinin nəzərə alınması üzrə normativ çərçivəyə dair məlumatlılığının artırılması və qadınların zorakı ekstremizmin qarşısının alınması və onunla mübarizə istiqamətində Mərkəzi Asiyada parlamentlərarası əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etmişdir.

Qadın Parlamentarilər Qrupunun icraçı katibi Alilya Sadıxova “Parlament Assambleyalarının zorakı ekstremizmin qarşısının alınması və onunla mübarizədə qadınların cəlb edilməsi, gender amillərinin nəzərə alınması üzrə təcrübələri” adlı sessiyada TÜRKPA-nın gender bərabərliyi və qadın rəhbərlərinin rolunun artırılmasına dəstək və onun təşviqi mövzusunda çıxış etmişdir.

Forumun ikinci günündə tədbirdə iştirak edən ölkələrin vətəndaş cəmiyyətləri, parlamentarilər və icra orqanlarının nümayəndələri təqdimatlar etmiş və müzakirələr aparmışdır. Müzakirələr zamanı təhlükəsizliyin və gender bərabərliyinin inkişafı üzrə milli yol xəritələrinin hazırlanmasında ölkələr arasında təcrübə mübadiləsi aparılmışdır.

Forumun yekununda toplantı iştirakçıları müvafiq səylərin davamlılığı, mövcud gender problemlərinin həll edilməsində qadınların iştirakının və onlara dəstəyin genişləndirilməsi, həmçinin terrorizm və zorakı ekstremizmlə mübarizə üzrə milli fəaliyyət planlarının reallaşdırılması məqsədlərinə nail olunmasına dair razılıq əldə etmişdir.