Saturday, 24 September 2022, 19:45:22 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA ATƏT-in Asiya Konfransında iştirak edib

2022-ci il 15 iyun tarixində Baş katibin müavini Talqat Aduov İsveç Xarici İşlər Nazirliyi və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) birgə təşkil etdiyi ATƏT-in Asiya Konfransında iştirak edib.

Vyanada keçirilən konfrans hibrid formatda baş tutub. Konfransın mövzusu “Hər kəs üçün və hər kəs tərəfindən təhlükəsizliyin gücləndirilməsi – Avropa və Asiya arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq imkanları”. Proqrama açılış mərasimi və “Etimad, sülh və təhlükəsizliyin qurulmasında qadınların rolu – Avropa və Asiya arasında təcrübə və öyrənilmiş dərslərin mübadiləsi”, “Təhlükəsizliyə iqlimlə bağlı çağırışlar və Stokholm qərarı əsasında əməkdaşlıq imkanları” və “ATƏT və Asiya tərəfdaşları arasında əməkdaşlığın gücləndirilməsində vətəndaş cəmiyyətinin rolu” mövzusunda üç sessiyadan ibarət olmuşdur.

İsveçin ATƏT-dəki daimi nümayəndəsi, Əməkdaşlıq üçün ATƏT-in Asiya Tərəfdaşlarının sədri səfir Ulrika Funeredin sədrlik etdiyi konfrans rəsmilər, beynəlxalq təşkilat rəhbərləri və diplomatik korpus nümayəndələrini bir araya gətirmişdir.

Əfqanıstanda və Ukraynada mövcud vəziyyət, terrorizm təhdidi, dünyada postpandemiya vəziyyəti, o cümlədən iqlim dəyişikliyi təhlükəsizlik sahəsində əsas çağırışlar hesab edilmişdir. İştirakçılar beynəlxalq əməkdaşlığın effektiv mexanizmləri və qlobal miqyasda sülh və təhlükəsizlik üçün qanunvericilik dəstəyinin təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparmışdır.