Sunday, 25 September 2022, 05:37:29 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib BMT-nin Terrorizmə qarşı Mübarizə Ofisinin İtaliyada keçirilən tədbirlərində iştirak edib

8 iyun 2022-ci il tarixində Baş katib İtaliyanın Roma şəhərində keçirilən BMT-nin Terrorizmə qarşı Mübarizə Ofisinin təşkil etdiyi terrorizm qurbanlarına parlament dəstəyi üzrə yüksək səviyyəli Konfransda iştirak etmişdir.

Konfrans zamanı parlamentarilər, BMT qurumlarının nümayəndələri, aparıcı ekspertlər, terror hücumlarının qurbanları və belə qurbanların yaratdığı birliklər terror qurbanlarının hüquq və ehtiyaclarını dəstəkləmək və qorumaq məqsədilə BMT-nin son model qanunvericilik müddəalarını müzakirə etmişdir.

İclasın bağlanışında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Terrorla Mübarizə üzrə Müvəqqəti Komitəsinin sədr müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Kamil Aydın da çıxış edərək vurğulamışdır ki, bütün formalarda təzahüründən asılı olmayaraq hər cür terror beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi pislənilməli və qlobal terrorizmlə mübarizədə ikili standart tənqid edilməlidir.

Baş katib həmçinin, 10 iyun 2022-ci il tarixində İtaliyanın Neapol şəhərində Terrorizmin qarşısının alınması və onunla mübarizədə Parlamentin İştirakı üzrə BMT-nin TQM Proqram Ofisinin təşkilatçılığı, Qətərin Şura Məclisnin dəstəyi və Aralıq dənizi Parlament Assambleyası ilə birgə əməkdaşlıq çərçivəsində keçirilən Terrrorizmə qarşı mübarizə üzrə parlament asssambleyalarının İkinci koordinasiya toplantısında iştirak etmişdir.

İştirakçılar 2021 və 2022-ci illərdə BMT-nin TQM Proqram Ofisinin parlament assambleyaları ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi və başlatdığı tədbirlərin ilkin nəticələrini, habelə parlament assambleyalarının öz regionlarında həyata keçirdikləri terrorizmə qarşı mübarizə və zorakı ekstremizmin qarşısının alınması təşəbbüslərini nəzərdən keçirmişdir.