Saturday, 24 September 2022, 20:51:04 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının 9-cu iclası baş tutub

2022-ci il 9 iyun tarixində TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının 9-cu iclası onlayn formatda baş tutub. İclasın əsas mövzusu "Xarici siyasət əməkdaşlığında parlamentlərin rolu" olmuşdur.

İclasa Komissiyanın sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü Erol Kaya sədrlik edib. Komissiya üzvləri və Katibliyin nümayəndələri tədbirdə iştirak edib. Komissiya müvafiq olaraq Komissiyanın sədr müavini, Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Sauıtbek Abdraxmanov və Komissiyanın sədri Erol Kaya tərəfindən təqdim edilmiş hesabat məruzəsi və tövsiyə qərarını təsdiq etmişdir. Sənədlər 2022-ci ilin 23-24 iyun tarixlərində Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək TÜRKPA-nın 11-ci plenar iclasına təqdim ediləcəkdir.

İştirakçılara qarşıdan gələn 2023-2028-ci illər üçün Komissiya iclaslarının mövzuları və Komissiya çərçivəsində hazırlanacaq model qanunlar haqqında məlumat verilmişdir. Həmçinin Komissiya TÜRKPA-nın "Xidmətlərə görə medallar və medal sertifikatları haqqında Əsasnamə"sinə dəyişiklikləri müzakirə etmişdir.

Komissiyanın növbəti iclasının 2023-cü ilin fevral ayında "TÜRKPA-nın 15-ci ildönümü: üzv dövlətlər arasında əməkdaşlıq" mövzusunda Türkiyədə keçirilməsi qərara alınmışdır.