Sunday, 25 September 2022, 06:27:36 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Bakıda “TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması” mövzusunda konfrans keçirilib

2022-ci il 25 may tarixində Azərbaycan Respublikasının Milli Məclisi, TÜRKPA və Azərbaycan Respublikasının Ombudsman Təsisatının birgə təşkilatçılığı, türk dövlətlərinin parlamentariləri və ombudsmanlarının iştirakı ilə “TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması” mövzusunda konfrans keçirilib. TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyası çərçivəsində baş tutan tədbir Milli Məclisin ev sahibliyində keçirilmiş və Azərbaycan Respublikasının Ombudsman Təsisatının 20 illiyinə həsr olunmuşdur.

Proqrama açılış sessiyası, “İnsan hüquqlarının qorunmasında parlamentlərin rolu” və “Ombudsman institutlarının səmərəli fəaliyyətində qanunvericiliyin təkmilləşdirilməsinin əhəmiyyəti” mövzusunda iki sessiya və bağlanış sessiyası daxil edilmişdir.

Açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri Erol Kaya çıxış ediblər.

Konfransın sessiyaları zamanı parlamentarilər, üzv dövlətlərin, o cümlədən Özbəkistanın ombudsmanları demokratik dəyərlərin qorunması və qanunun aliliyinə hörmət kontekstində insan hüquqlarının müdafiəsi, bu sahədə bilik mübadiləsinin əhəmiyyəti, gender bərabərliyi, insan hüquqlarının qorunmasında mühüm milli maraqlı tərəflər kimi parlamentlərin və Ombudsman təsisatlarının roluna dair müzakirələrə diqqət yetirmişdir. İştirakçılar bununla bağlı müvafiq olaraq öz parlamentlərinin və təsisatlarının fəaliyyətləri barədə məlumat vermişdir.

Konfrans iştirakçıları Fəxri Xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub və Şəhidlər Xiyabanını ziyarət edib.

Konfransdan əvvəl 24 may tarixində iştirakçılar Azərbaycanın mədəniyyət paytaxtı və “2023-cü il türk dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərinə səfər etmişdir.