Sunday, 25 September 2022, 06:36:54 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin sədri Katibliyi ziyarət edib

20 may 2022-ci il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə heyətinin sədri Cemal Yanqın Baş katib Mehmet Süreyya Erə nəzakət ziyarəti etmişdir.

Görüş zamanı tərəflər təşkilatlarının fəaliyyəti ilə bağlı bir-birini məlumatlandırmışdır. Həmçinin, ikitərəfli iqtisadi artım, cari və gələcək layihələr, o cümlədən Azərbaycan və Türkiyə arasında müvafiq sahələrdə əməkdaşlıq müzakirə olunmuşdur.

Görüşdən əvvəl, 19 may tarixində Cemal Yanqının dəvəti ilə Baş katib ATİB-in Bakıda keçirilən Ümumi Yığıncağında iştirak etmişdir.

Toplantıda Türkiyənin Kənd Təsərrüfatı və Meşə Naziri, Prof. Dr. Vahit Kirişçi, Türkiyənin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Cahit Bağcı, millət vəkilləri, Azərbaycan və Türkiyə iş adamları iştirak ediblər. İştirakçılar iki qardaş ölkə arasında iqtisadi əlaqələrə dair fikir mübadiləsi aparıblar.

Birliyin rəhbəri cənab Yanqın qeyd edib ki, Türkiyə şirkətləri Qarabağın yenidən qurulması işlərində öz təcrübələrini bölüşəcəklər.

Toplantıda Cemal Yanqın yenidən Birliyin İdarə Heyətinin sədri seçilmişdir.

ATİB 2004-cü ildə Azərbaycan iqtisadiyyatını canlandıran yeni inkişaf istiqamətində Türkiyə və Azərbaycan iş adamlarını bir yerdə toplayaraq, Azərbaycanın sahib olduğu iqtisadi potensialdan birlikdə istifadə etmək və bir sinerji yaratmaq məqsədilə qurulmuşdur.