Sunday, 25 September 2022, 04:54:49 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Qazaxıstanda İqtisadi Əməkdaşlıq Komissiyasının seminarı keçirilib

2022-ci il 19 may tarixində TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyası çərçivəsində “Postpandemiya dövründə iqtisadiyyatın artımının sabitləşdirilməsində KOS-nin innovativ fəaliyyəti” mövzusunda seminar Qazaxıstan Respublikası Parlamenti Məclisinin ev sahibliyində Nur-Sultanda baş tutub.

Seminar üzv dövlətlərdən olan parlamentarilər və ekspertləri, o cümlədən Qazaxıstanın nazirlikləri və digər müvafiq qurumlarının nümayəndələrini bir araya gətirmişdir.

Açılış mərasimində Komissiyanın sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Amerxan Raximjanov, Komissiyanın üzvləri – Azərbaycan Respublikası Milli Məclisinin üzvü Ağalar Vəliyev, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Dastanbek Djumabekov, Türkiyə Böyük Millət Məclisinin üzvləri Şenel Yediyıldız və Yaşar Karadağ çıxış edib.

Panel sessiyalar zamanı iştirakçılar iqtisadiyyatda pandemiyanın mənfi nəticələrinin aradan qaldırılması ilə yanaşı, müasir metod və infrastrukturdan istifadə etməklə iqtisadi inkişafda yeni yanaşmaların həyata keçirilməsi üçün səylərin istiqamətləndirilməsi ehtiyacını vurğulamışdır. İştirakçılar üzv dövlətlərin iqtisadiyyatlarının sabitləşdirilməsi və artımını müzakirə edərək, ticarət və xidmət axını üçün üzv dövlətlər arasında rəqəmsallaşdırılmış nəqliyyat logistika şəbəkələrinin hazırlanması və işə salınması mövzusuna diqqət yetirmişdir. İqtisadiyyatın kölgədən çıxarılmasının zəruriliyini qeyd edən iştirakçılar müvafiq olaraq öz dövlətlərində kiçik və orta biznesin dəstəklənməsi və təşviqinin eksklüziv yolları barədə fikir mübadiləsi aparmışdır.

Seminar çərçivəsində Qazaxıstan Respublikasının milli iqtisadiyyat naziri Alibek Kuantırov, Qazaxıstan Respublikasının ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev və Qazaxıstan Respublikasının “Atameken” Milli Sahibkarlar Palatasının aparat rəhbəri Baurjan Orazqaliyev ilə görüşlər keçirilib.

Baş katibin müavini Talqat Aduov və Komissiyanın katibi Kunduz Rustembekova tədbirdə iştirak edib.