Sunday, 25 September 2022, 05:25:27 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiyalarının 8-ci iclasında iştirak edib

13-14 may 2022-ci il tarixlərində Baş katibin müavini Fuad Ələkbərov Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiyalarının 8-ci iclasında iştirak etmişdir.

İclas 2022-ci il Türk Dünyasının Mədəniyyət paytaxtı Bursa şəhərində həyata keçirilən tədbirlər çərçivəsində TÜRKSOY, Türkiyənin YUNESKO üzrə Milli Komissiyası və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub. İclasda YUNESKO üzrə Milli Komissiyaların Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Monqolustan nümayəndələri, həmçinin TÜRKPA, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası və IRCICA-nın nümayəndələri iştirak etmişdir.

Açılış mərasimində TÜRKSOY-un Baş katibi Sultan Rayev, YUNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Prof. Dr. Öcal Oğuz, Bursa Böyükşəhər Bələdiyyəsi sədrinin müavini Murat Demir, YUNESCO üzrə Qırğızıstan Milli Komissiyasının Baş katibi Sabira Soltongeldiyeva, həmçinin maraqlı tərəflərin institutları və beynəlxalq təşkilatların nümayəndələri çıxış etmişdir.

Açılış sessiyasının sonunda YUNESKO üzrə Qırğızıstan Milli Komissiyasının Dövri rəhbərliyi Türkiyəyə təhvil verilmişdir. Təhvil-təslim mərasimindən sonra Baş katibin müavini Fuad Ələkbərov və digər iştirakçılar TÜRKSOY-un Baş katibi Sultan Rayevin təqdim etdiyi xüsusi hədiyyə ilə mükafatlandırılmışdır. İkinci sessiyada “Qeyri-maddi mədəni irs”, “Mədəni və təbii irs”, “Dünya yaddaşı və təhsil” adlı seminarlar keçirilmiş, iştirakçılar mədəni irsin vəziyyəti, mövcud problemlər və gələcək birgə işlərlə bağlı mövzuları müzakirə etmişdir.

Tədbir işçi hesabatların təqdimatı ilə yekunlaşmışdır.