Sunday, 25 September 2022, 06:43:08 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Ətraf Mühit, Tәbii Ehtiyatlar və Sağlamlığın Qorunması Komissiyası 7-ci iclasını keçirib

TÜRKPA-nın Ətraf mühit, tәbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 7-ci iclası 11 may 2022-ci il tarixində Türkiyə Böyük Millət Məclisinin ev sahibliyində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan olan parlamentarilərin iştirakı ilə Ankarada keçirilmişdir. İclas gündəliyinin əsas maddəsi "TÜRKPA üzv dövlətlərində səhiyyə sistemlərinin uyğunlaşdırılması" olmuşdur.

İclas Komissiyanın və Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun sədrliyi ilə keçirilmişdir. Açılış nitqi zamanı cənab Əmiraslanov məsələnin üzv dövlətlər üçün əhəmiyyətini vurğulamışdır. Sədr qeyd etmişdir ki, TÜRKPA üzv dövlətləri sağlamlıq sahəsində əməkdaşlığı bərabərlik və qarşılıqlılıq prinsipi, qarşılıqlı fayda əsasında və öz ölkələrinin qanunvericiliyinə uyğun olaraq inkişaf etdirmək və gücləndirmək niyyətindədirlər. O vurğulamışdır ki, bu baxımdan Komissiya üçün məsələ ilə bağlı mövcud vəziyyətin araşdırılması, qanunvericilikdə mövcud boşluqların təhlil edilməsi və üzv ölkələr arasında müsbət və qabaqcıl təcrübənin paylaşılması mühüm əhəmiyyət kəsb edir.

Parlamentarilər üzv ölkələr arasında səhiyyə sistemləri üzrə əməkdaşlıq potensialını müzakirə etmiş və bu kimi məsələlərlə bağlı mexanizmlərin işlənib hazırlanmasının zəruriliyini vurğulamışdır.

Komissiya müvafiq olaraq Komissiya sədrinin müavini və Türkiyə Böyük Millət Məclisinin üzvü Recep Şeker və Komissiya sədri Əhliman Əmiraslanov tərəfindən təqdim edilən hesabat məruzəsi və tövsiyə qərarını təsdiq etmişdir. Sənədlər 2022-ci ilin 23-24 iyun tarixlərində Qırğız Respublikasında keçiriləcək TÜRKPA-nın 11-ci plenar iclasına təqdim ediləcəkdir.