Sunday, 25 September 2022, 06:20:58 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Ankarada TÜRKPA üzv dövlətlərində pandemiya ilə mübarizə mövzusunda seminar keçirilib

11 may 2022-ci il tarixində Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) dəstəyi və TÜRKPA-nın təşkilatçılığı ilə “TÜRKPA üzv dövlətlərində pandemiya ilə mübarizə” mövzusunda seminar keçirilmişdir. TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyası çərçivəsində keçirilən seminarın əsas məqsədi COVID-19 pandemiyasının təsiri və nəticələri, həmçinin üzv ölkələrdə, xüsusilə səhiyyə sektorunda görülən tədbirlərin müzakirəsi olmuşdur.

Seminarda üzv ölkələrdən və Özbəkistandan olan parlamentarilər və ekspertlər, eləcə də Türkiyənin müvafiq agentliklərinin nümayəndələri toplaşmışdır.

Seminar müvafiq olaraq komissiyanın və Azərbaycan Respublikasının Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və komissiyanın sədr müavini və TBMM-nin üzvü Recep Şekerin moderatorluq etdikləri iki sessiyadan ibarət olmuşdur. Seminarın açılış hissəsində Komissiyanın sədr və sədr müavini ilə birlikdə, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Komissiyanın üzvləri – Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Yeldos Abakanov, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Balbak Tulobaev və Özbəkistan Respublikası Ali Məclisi Senatının Elm, təhsil və səhiyyə komitəsinin sədri Odiljon İminov çıxış etmişdir.

Seminarda üzv ölkələrdən olan ekspertlər və Türkiyənin müvafiq agentliklərinin nümayəndələri təqdimatlar edərək, üzv ölkələrdə cari vəziyyət, qanunvericilik və institusional çərçivəyə dair məlumat vermiş, habelə məsələyə dair müzakirələr aparmışdır.

Proqramın praktik hissəsi olaraq iştirakçılar Ankara Şəhər Xəstəxanasını ziyarət etmişdir.