Sunday, 25 September 2022, 07:00:30 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA nümayəndə heyəti Türk dünyası uşaqlarının birliyinə həsr olunmuş tədbirdə iştirak edib

22 aprel 2022-ci il tarixində Sosial, mədəni və humanitar məsələlər Komissiyasının 9-cu iclası çərçivəsində TÜRKPA üzv ölkələrinin parlamentariləri və ekspertlərindən, eləcə də Katibliyin nümayəndələrindən ibarət nümayəndə heyəti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ev sahibliyində 23 Aprel-Türkiyənin Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş “Türk dünyası uşaqlarının birliyi” adlı tədbir və azərbaycanlı rəssam Kövsər Qurbanın rəsm əsərlərindən ibarət sərgi təşkil edilmişdir. Tədbirdə türk dövlətlərinin səfirləri və digər rəsmi nümayəndələr də iştirak etmişdir.

Tədbir türk dövlətləri arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi və gənc nəslin Türk dünyasının maddi-mənəvi dəyərləri ilə tanış olması məqsədi ilə təşkil edilmişdir.

Bayram şənliyində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistanı təmsil edən uşaqlar milli geyimlərdə mahnılar ifa etmiş, rəqslər nümayiş etdirmiş, milli musiqi alətlərində ifa edərək türk dünyasının həmrəyliyini ifadə edən şeirlər səsləndirmişdir. Tamaşalar zamanı uşaqlara qonaqlar tərəfindən sertifikatlar və hədiyyələr təqdim olunmuşdur.