Saturday, 24 September 2022, 21:11:15 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Milli Məclis Sosial, mədəni və humanitar məsələlər komissiyasının seminarına ev sahibliyi edib

21 aprel 2022-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyində “Əhalinin sosial cəhətdən həssas qruplarının sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi: reallıqlar və perspektivlər” mövzusunda seminar keçirilmişdir.

Sosial, mədəni və humanitar məsələlər komissiyasının 9-cu iclası çərçivəsində təşkil edilmiş seminarda üzv ölkələrin parlamentariləri, ekspertlər və dövlət orqanlarının nümayəndələri iştirak etmişdir.

Açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, həmçinin Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Hümbətov çıxış etmişdir.

İki sessiyadan ibarət olan tədbir müvafiq olaraq komissiyanın sədri, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Aybek Osmonov və komissiyanın sədr müavini, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Nizami Cəfərovun moderatorluğu ilə davam etmişdir.

Seminarda ekspertlər üzv ölkələrdə sosial sahibkarlıq sahəsində mövcud vəziyyət və qanunvericilik çərçivəsinə dair təqdimatlar etmişdir. Tədbir iştirakçıları əhalinin sosial cəhətdən həssas qruplarının sahibkarlıq fəaliyyətinə cəlb edilməsi ilə bağlı problemlər və onların qanunvericilik səviyyəsində həlli yolları, o cümlədən sosial sahibkarlığın inkişafının stimullaşdırılmasının qanunvericiliklə tənzimlənməsi məsələləri ətrafında müzakirələr aparmışdır.

Seminar çərçivəsində iştirakçılar Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Əməliyyat Mərkəzini ziyarət etmiş, orada əhaliyə rahat xidmət göstərməyə yönəlmiş mütərəqqi, çoxşaxəli və mərhələli islahatların nəticələrinə əsaslanan prosedurlarla tanış olmuşdur.

Tədbir çərçivəsində, həmçinin “Sosial sahibkarlığın inkişafı haqqında Model Qanun” layihəsinin hazırlanması üzrə ekspert qrupunun ikinci iclası keçirilmişdir. Ekspertlər birinci iclasın nəticələrinə əsasən təkliflərdən ibarət müqayisəli cədvəli nəzərdən keçirmiş, qanunvericilik işinin keyfiyyətinin yüksəldilməsinə dair müzakirələr aparmışdır.