Saturday, 24 September 2022, 19:35:19 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Bakıda Sosial, mədəni və humanitar məsələlər komissiyasının 9-cu iclası keçirilib

22 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyində Bakıda Sosial, mədəni və humanitar məsələlər komissiyasının “TÜRKPA-nın üzv ölkələrində sosial sahibkarlığın dəstəklənməsi” mövzusunda doqquzuncu iclası keçirilmişdir.

Üzv ölkələrin parlamentariləri, ekspertlər, parlamentlər, müvafiq nazirliklər, hökumət orqanları və TÜRKPA Katibliyinin nümayəndələrinin iştirak etdiyi iclasa komissiyanın sədri, Qırğız Respublikası Joqorku Keneşin üzvü Aybek Osmonov sədrlik etmişdir.

TÜRKPA regionunda sosial sahibkarlığın təşviqinin səmərəliliyinin artırılmasının vacibliyini vurğulayan iştirakçılar dayanıqlı artımın və iqtisadi inkişafın mühüm elementi kimi bu ictimai institutun inkişafı istiqamətində fəaliyyətlərin təmin edilməsində üzv parlamentlərin oynaya biləcəyi rolu qeyd etmişdir.

İştirakçılar, həmçinin müvafiq sahədə üzv ölkələrin milli qanunvericiliklərinin uyğunlaşdırılması imkanlarına dair fikir mübadiləsi aparmışdır.

İclasda komissiyanın müvafiq hesabat və tövsiyə qərarı, o cümlədən komissiya çərçivəsində işlənib hazırlanmış və 23-24 iyun 2022-ci il tarixlərində Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçiriləcək TÜRKPA-nın 11-ci Plenar iclasına təqdim olunacaq “Sosial sahibkarlığın inkişafı haqqında Model Qanun”layihəsi müzakirələrdən sonra təsdiq edilmişdir.

Həmçinin komissiya növbəti iclaslarının mövzularını və 2028-ci ilədək nəzərdə tutulmuş model qanunların adlarını təsdiq etmişdir.