Saturday, 24 September 2022, 21:17:27 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Model Qanunun hazırlanması üzrə Ekspert qrupunun birinci iclası onlayn formatda keçirilib

8 aprel 2022-ci il tarixində Sosial, Mədəni və Humanitar məsələlər Komissiyası çərçivəsində “Sosial sahibkarlığın inkişafı haqqında” Model Qanun layihəsinin hazırlanması üzrə Ekspert qrupunun onlayn formatda ilk iclası keçirilib. İclasda üzv ölkələrin parlamentlərinin və müvafiq nazirliklərinin ekspertləri, həmçinin TÜRKPA Katibliyinin nümayəndələri iştirak ediblər.

Açılış sessiyasında Baş katibin müavini cənab Talqat Aduov çıxış etmişdir. Cənab Aduov çıxışında TÜRKPA-nın ortaq hüquqi məkan olaraq türk ölkələri arasında inteqrasiya proseslərinin asanlaşdırılmasında səylərini vurğulamışdır.

TÜRKPA-nın Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının katibi Baurjan Datkayevin moderatorluğu ilə keçirilən iclasda diqqət Komissiya çərçivəsində hazırlanmış “Sosial sahibkarlığın inkişafı haqqında” Model Qanun layihəsinin müzakirəsinə yönəlmişdir. İştirakçılar TÜRKPA-ya üzv dövlətlərdə sosial sahibkarlığı tənzimləyən qanunvericilik bazasının hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Mütəxəssislərin iştirakı ilə müvafiq görüşlərin və mütəmadi məsləhətləşmələrin keçirilməsinin vacibliyini vurğulayan iştirakçılar 21 aprel 2022-ci il tarixində Komissiyanın Seminarı çərçivəsində növbəti ikinci görüşün Azərbaycanın paytaxtı Bakı şəhərində əyani formatda keçirilməsi barədə razılığa gəliblər.