Sunday, 25 September 2022, 06:31:56 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA-nın nümayəndə heyəti TÜRKSOY-un Daimi Şurasının növbədənkənar iclasında iştirak edib

TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti 30-31 mart 2022-ci il tarixlərində Türk dünyasının mədəniyyət paytaxtı Bursa şəhərində Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyində TÜRKSOY-un Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar toplantısında iştirak etmişdir.

TÜRKSOY-un Bursadakı tədbirləri 30 mart 2022-ci il tarixində nümayəndə heyətlərinin başçılarının Bursa valisi Yakup Canbolat tərəfindən qarşılanma mərasimi ilə başlanmışdır. Tədbir Osman Qazi və Orxan Qazi məqbərələrinin ziyarəti, Böyük Keşikçi Ritualına baxış, Bursa-2022 türk dünyasının mədəniyyət paytaxtı koordinasiya mərkəzinin açılış mərasimi, türk dünyasının mədəniyyət paytaxtlarına həsr olunmuş fotosərgi və digər mədəni tədbirlərlə davam etmişdir. Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş nümayəndə heyətlərini tarixi meriya binasında qəbul etmişdir.

Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun sədrliyi ilə “Bursa - Türk Dünyasının Mədəniyyət Paytaxtı” adlı toplantı keçirilmişdir. Türk dünyasının 2022-ci il mədəniyyət paytaxtı elan edilmiş Bursa şəhərinin açılış mərasimi Novruz tonqalının alovlanması ilə müşayiət olunmuşdur. Tədbirdə üzv ölkələrin mədəniyyət nazirləri və müavinləri, beynəlxalq təşkilatların və milli akademik dairələrin nümayəndələri də iştirak etmişdir.

31 mart 2022-ci il tarixində nümayəndə heyətlərinin rəhbərləri TÜRKSOY-un Daimi Şurasının növbədənkənar iclasında çıxış etmişdir. Bir sıra mühüm qərarların qəbul edildiyi Daimi Şurada Sultanbay Raev TÜRKSOY-un yeni baş katibi seçilmişdir. Azərbaycanın Şuşa şəhəri 2023-cü il “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir.

İki gün davam edən tədbir çərçivəsində Baş katib türk dövlətlərinin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşmüşdür. Görüşdə tərəflər türk dünyasında parlamentlərarası əməkdaşlığın perspektivləri və ümumi maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparmışdır.