Sunday, 25 September 2022, 06:00:38 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA terrorizmə qarşı mübarizə üzrə parlament konfransında iştirak edib

30-31mart 2022-ci il tarixlərində Baş katibin müavini Talqat Aduov Qətərin paytaxtı Doha şəhərində Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə İdarəsinin təşkilatçılığı ilə keçirilən “Afrikada terror təhlükəsinin dərk edilməsi: yeni çağırışlar və zəruri tədbirlər” adlı yüksək səviyyəli parlament konfransında iştirak etmişdir.

Açılış mərasimində BMT-nin Terrorla Mübarizə İdarəsinin Baş katibinin müavini Vladimir Voronkov, Qətər Dövlətinin Məsləhət Şurasının sədri Həsən bin Abdulla Əl-Qanim, Afrika Parlament İttifaqının İcraiyyə Komitəsinin sədri Mohamed Ali Humed, Qərbi Afrika və Sahel üzrə xüsusi nümayəndə, BMT-nin Qərbi Afrika və Sahel üzrə ofisinin rəhbəri Annadif Xatir Mahamat Saleh, Baş katibin müavini və BMT-nin Baş katibinin Afrika üzrə xüsusi müşaviri Kristina Duarte çıxış etmişdir.

Tədbirdə Afrika milli parlamentləri, digər parlament assambleyalarının nümayəndələri, o cümlədən tematik ekspertlər, koordinasiya qrupu, sərhəd təhlükəsizliyi və idarəetmə üzrə BMT-nin Terrorla Mübarizə İdarəsinin proqram, həmçinin digər proqram və layihələrin nümayəndələri də iştirak etmişdir.

Dörd sessiyadan ibarət olan tədbir çərçivəsində iştirakçılar Afrika qitəsində mövcud və yaranan terror təhlükələri, təhdidlərin yumşaldılması, qarşısının alınması və həlli üçün zəruri tədbirlər, terrorla mübarizə və zorakı ekstremizmin qarşısının alınması üzrə beynəlxalq texniki yardım proqramları və layihələri, Afrikada parlamentlərin terrorla mübarizə və zorakı ekstremizmin qarşısının alınmasında texniki yardım ehtiyacları və potensialın artırılması kimi məsələri müzakirə etmişdir.