Saturday, 24 September 2022, 20:02:28 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Pİ-nin 144-cü Assambleyası və əlaqəli iclaslarda iştirak edib

Baş katib Mehmet Süreyya Erin başçılıq etdiyi TÜRKPA nümayəndə heyəti İndoneziya Respublikası Parlamentinin ev sahibliyində 2022-ci ilin 20-24 mart tarixlərində Balinin Nusa Dua ərazisində keçirilən Parlamentlərarası İttifaqın (Pİ) 144-cü Assambleyasında iştirak edib. Tədbirin əsas mövzusu "Sıfıra nail olunması: parlamentlərin iqlim dəyişikliyi ilə bağlı fəaliyyət göstərməyə səfərbər olunması" olmuşdur.

Assambleyanın açılış mərasimində İndoneziya Respublikasının Prezidenti Joko Vidodo, İndoneziya Respublikasının Nümayəndələr Palatasının spikeri Puan Maharani və Pİ-nin prezidenti Duarte Paçeko çıxış edib. BMT-nin baş katibi Antonio Quterreş Assambleyaya videomüraciət ünvanlayıb.

Assambleya müddətində İdarəetmə Şurası, daimi komitələr, Parlamentarilərin insan hüquqları və Orta Şərq məsələləri üzrə komitələr daxil olmaqla, Pİ-nin əsas orqanlarının iclasları, habelə Qadın Parlamentarilər Forumu və Gənc Parlamentarilər Forumu keçirilib. Həmçinin tədbir çərçivəsində Parlamentlərin Baş katibləri (Aparat rəhbərləri) Assosiasiyasının (ASGP) iclası da baş tutub.

Pİ Assambleyası dünyanın müxtəlif regionlarından parlamentariləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirmişdir. Nümayəndə heyətləri iqlim dəyişikliyi və onun nəticələrinə qarşı mübarizədə innovativ həllərin tapılması, parlamentlərin fəaliyyəti və siyasətlərin səfərbər olunmasına dair müzakirələr, fikir mübadiləsi aparmış və görüşlərini bölüşmüşdür.

Tədbir çərçivəsində Baş katib TÜRKPA üzv dövlətlərinin Pİ-dəki parlament nümayəndə heyətləri ilə görüşüb. Tərəflər türk dünyasında parlamentlərarası əməkdaşlığın perspektivləri və digər ümumi maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparmışdır.

Assambleya ümumi müzakirələrin əsas mövzusuna dair yekun sənədin qəbulu ilə başa çatmışdır.