Sunday, 25 September 2022, 07:03:56 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA-nın üzv parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin birinci iclası keçirilib

9 mart 2022-ci il tarixində TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyası çərçivəsində TÜRKPA-nın üzv parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin onlayn formatda birinci iclası keçirilmişdir. İclasın mövzusu “Xarici siyasət əməkdaşlığında parlamentlərin rolu” olmuşdur.

Tədbirdə üzv parlamentlərin, eləcə də Macarıstan və Özbəkistan parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri və TÜRKPA Katibliyinin nümayəndələri iştirak etmişdir.

Açılışda Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri Erol Kaya və TÜRKPA Baş katibi Mehmet Süreyya Er çıxış etmişdir.

İclasda Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Xarici əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspan, Qırğız Respublikası Joqorku Keneşinin Beynəlxalq əlaqələr, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədri Çingiz Aydarbekov, Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Macarıstan Milli Assambleyasının Xarici əlaqələr komitəsinin sədri Zsolt Nemet və Özbəkistan Respublikası Oliy Məclisinin Qanunvericilik Palatasının Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Dilorom Fayziyeva çıxış etmişdir.

İştirakçılar xarici siyasətdə parlamentlərin rolu və ümumi maraq kəsb edən xarici siyasət məsələlərində əməkdaşlıq perspektivləri daxil olmaqla, mövzuya dair çıxış etmişdir.

TÜRKPA çərçivəsində belə görüşün ilk dəfə olaraq keçirilməsinin əhəmiyyətini vurğulayan iştirakçılar növbəti ikinci görüşün gələcəkdə Türkiyə Parlamentinin ev sahibliyində fiziki iştirak formatında keçirilməsi barədə razılığa gəlmişdir.