Saturday, 24 September 2022, 20:32:25 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Qafqaz İslam Ordusunun baş komandanı, “Bakının Xilaskarı” kimi tanınan Nuri Paşanın vəfatından 73 il ötür

Bu gün, 2 mart 2022-ci il Qafqaz İslam Ordusunun baş komandanı, “Bakının Xilaskarı” kimi tanınan Nuri Paşanın vəfatından 73 il ötür.

1918-ci il sentyabrın 15-də böyük qardaşı, həmçinin həmin dövrdə hərbi nazir Ənvər Paşanın əmri ilə 12 min nəfərdən ibarət Qafqaz İslam Ordusunun komandanı təyin edilmiş Nuri Paşa Bakını və Azərbaycanın digər vilayətlərini düşmən işğalından azad edərək, Azərbaycan və Dağıstanın Osmanlı İmperiyasından kömək üçün müraciətinə cavab olaraq bütün azərbaycanlıların qəlbində taxt qurmuşdur.

Nuri Paşa 5 may 1890-cı il tarixində İstanbul şəhərində anadan olmuş, 1909-cu il tarixində Monastir Hərbi Akademiyasını baş leytenant rütbəsi ilə bitirmiş və Balkanın müxtəlif bölgələrində xidmət etmişdir. Həmçinin, 1911-ci il tarixində Tripoli müharibəsində iştirak etmişdir. Osmanlı imperiyası Birinci Dünya Müharibəsinə qoşulduqdan sonra ona “Sultanın köməkçisi” rütbəsi verilmişdir. Nuri Paşa 1917-ci il tarixinədək Tripoli və Benqazidə xidmət edərkən ingilis, italyan və fransız qüvvələrinə qarşı bir çox döyüşlərdə iştirak etmişdir.

Türkiyə Cümhuriyyəti elan edildikdən sonra qurduğu fabriklərlə Türkiyə müdafiə sənayesinin qabaqcılları sırasında yer almış Nuri Paşanın (Killigil) xatirəsi həm Azərbaycanda, həm də Türkiyədə anılır.

Vəfatının 73-cü ildönümündə Qafqaz İslam Ordusunun baş komandanı Nuri Paşanı və bütün şəhidlərimizi bir daha rəhmət və minnətdarlıqla yad edirik.