Saturday, 24 September 2022, 20:29:13 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA və FES-in Qırğızıstan ofisinin birgə təşkilatçılığı ilə KOS-un dəstəklənməsi və inkişafı mövzusunda dəyirmi masa keçirilib

25 fevral 2022-ci il tarixində Bişkekdə Qırğız Respublikasının Joqorku Keneşinin (Parlamentinin) dəstəyi, TÜRKPA və Fridrix Ebert Fondunun Qırğızıstandakı Nümayəndəliyinin (FES-in) birgə təşkilatçılığı ilə “Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirdə Joqorku Keneşin üzvü Aysara Abdibayeva, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er və FES-in Qırğızıstandakı Nümayəndəliyinin rəhbəri Philipp C. Jahn açılış nitqi ilə çıxış etmişdir.

Joqorku Keneşin üzvləri və nümayəndələri, Qırğız Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyinin nümayəndələri, biznes assosiasiyaları, Biznes Ombudsmanı İnstitutu, Biznes Şurasının nümayəndələri və Qırğız Respublikasının akademik dairələrinin iştirakı ilə keçirilən dəyirmi masa iki sessiyadan ibarət olmuşdur.

Abdibayeva öz çıxışında iqtisadiyyatın inkişafında kiçik və orta sahibkarlığın əhəmiyyətini vurğulamış, həmçinin KOS-larda rəqəmsallaşmanın geniş tətbiqinin zəruriliyini və sahibkarlığın yeni tələblərə cavab verməyə hazır olduğunu diqqətə çatdırmışdır. O, kiçik və orta sahibkarlığın dəstəklənməsi və inkişafı məsələlərində bütün maraqlı tərəflərin əməkdaşlığının əhəmiyyətini qeyd etmişdir.

Baş katib Mehmet Süreyya Er dəyirmi masa iştirakçılarını salamlayaraq, TÜRKPA-nın təşəbbüslərinə verdiyi dəstəyə görə Joqorku Keneşə, eləcə də tədbirin birgə təşkilinə görə FES-in Qırğızıstandakı Nümayəndəliyinə minnətdarlığını bildirmişdir. O, ölkənin və bütün regionun təhlükəsizliyi, sabitliyi və davamlı inkişafına töhfə verən bütün maraqlı tərəflərin iştirakı ilə belə bir formatda əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.

Öz növbəsində, FES-in Qırğızıstandakı Nümayəndəliyinin rəhbəri cənab Philipp C. Jahn xüsusilə mövcud şəraitdə iqtisadiyyatın sabitləşdirilməsi və KOS-un inkişafı istiqamətində qarşılıqlı əməkdaşlığın zəruriliyini qeyd etmişdir.

Biznes assosiasiyalarının nümayəndələri KOS-da mövcud problemləri diqqətə çatdıraraq, onların həlli ilə bağlı fikirlərini iştirakçılarla bölüşmüş, həmçinin Qırğızıstanda kiçik və orta sahibkarlığın davamlı inkişafına nail olunması məqsədilə bütün tərəflərlə, o cümlədən dövlət orqanları ilə əməkdaşlığa hazır olduqlarını bildirmişdir.

Tədbir TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyası çərçivəsində baş tutmuşdur. Qeyd olunmuş dəyirmi masada İqtisadi əməkdaşlıq komissiyasının katibi də iştirak etmişdir.