Saturday, 24 September 2022, 21:26:53 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

MÜSİAD nümayəndələri Katibliyi ziyarət etmişdir

23 fevral 2022-ci il tarixində MÜSİAD-ın Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Rəşad Cabirlinin rəhbərlik etdiyi Türkiyə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan bölməsinin nümayəndələri TÜRKPA Katibliyini ziyarət etmiş və Baş katib Mehmet Süreyya Ər ilə görüşmüşdür.

Cənab Cabirli MÜSİAD-ın fəaliyyəti barədə Baş katibə məlumat vermiş və əsas məqsədlərinin qlobal iqtisadiyyatda fəal iştirakın təmin edilməsi olduğunu vurğulamışdır. O, həmçinin gələcək səmərəli əməkdaşlığa hazırlığını da bildirmişdir.

Baş katib öz növbəsində ziyarət üçün qonaqlara təşəkkür etmiş və MÜSİAD-ın haqq, hüquq, ədalət, bərabərlik, tarixi və mənəvi dəyərlərə həssas bir qurum olduğunu vurğulamışdır. O, həmçinin Assosiasiyanın dünyanın müxtəlif yerlərində həyata keçirdiyi tədbirləri alqışladığını bildirmişdir.

Görüş zamanı tərəflər əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparmışdır.

MÜSİAD 1990-cı ildə İstanbulda yaradılmışdır. Dərnək hazırda 1,8 milyon işçisi ilə 60 000-ə yaxın müəssisəni təmsil edərək 12 000 üzvü birləşdirən, o cümlədən 88-i Türkiyədə olmaqla 169 əlaqə nöqtəsi və ölkə xaricində 74 fərqli ölkədə, 81 yerdə fəaliyyət göstərən kapital platformasıdır. MÜSİAD-ın Azərbaycan nümayəndəliyi isə 2018-ci ildən Bakıda fəaliyyətə başlayıb.