Sunday, 25 September 2022, 06:58:45 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA və KOBİA-nın birgə təşkilatçılığı ilə “Post pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” nə dair konfrans keçirilib

18 Fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisinin dəstəyi, TÜRKPA və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda konfrans keçirilib.

Tədbirdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və TÜRKPA-nın İqtisadi Əməkdaşlıq komissiyasını üzvü Ağalar Vəliyev, TÜRKPA Baş katibinin müavini Talqat Aduov və KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov açılış nitqi ilə çıxış edib.

Milli Məclisin deputatları və nümayəndələrinin, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, biznes assosiasiyalarının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı ilə keçirilən konfrans iki sessiyadan ibarət olmuşdur.

Cənab Ağalar Vəliyev öz çıxışında kiçik və orta biznesin dəstəklənməsində kooperativ işin əhəmiyyətini qeyd etmiş, bu kontekstdə KOBİA-nın xüsusi rolunu vurğulamışdır. O, TÜRKPA-nın daimi komissiyaları çərçivəsində üzv dövlətlərin milli qanunvericiliyinin uyğunlaşdırılmasını asanlaşdıran model qanunların hazırlanması üzrə fəal iş aparıldığını bildirmişdir.

Cənab Talqat Aduov ortaq məqsədlərə nail olmaqda mühüm rol oynayan ortaq köklərə, tarixə, dilə, mədəniyyətə və dəyərlərə əsaslanan üzv dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir. O, yaşıl iqtisadiyyatda yeni tendensiyalar, kiçik və orta biznesin geniş iştirakı nəzərə alınmaqla Qarabağın bərpasının vacibliyini də vurğulamışdır.

Öz növbəsində cənab Orxan Məmmədov KOBİA-nın gördüyü işlər, kiçik və orta biznesin dəstəklənməsi üzrə həyata keçirilən layihələr barədə məlumat vermişdir.

Sessiyalar zamanı iştirakçılar çıxışlar etmiş, pandemiyadan sonrakı dövrdə kiçik və orta biznesin inkişafının və iqtisadiyyatın bərpasının asanlaşdırılmasına dair mövcud qanunvericilik və icra aspektləri ilə bağlı dialoq aparmışdır. İştirakçılar kiçik və orta biznesin inkişafı və dəstəklənməsi sahəsində TÜRKPA-ya üzv dövlətlər arasında bilik və təcrübə mübadiləsinin vacibliyini vurğulamışdır. Milli Məclisin üzvü Fazil Mustafa Assambleya çərçivəsində model qanunların hazırlanması ilə bağlı Milli Məclisin müsbət təcrübəsinə diqqət çəkmiş və TÜRKPA-ya üzv dövlətlərin bu sahədə qanunvericilik təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd etmişdir.

Tədbir TÜRKPA-nın İqtisadi Əməkdaşlıq Komissiyası çərçivəsində baş tutmuşdur.

Konfransda Baş katibin müavinləri və Komissiya katibləri də iştirak etmişdir.