Sunday, 25 September 2022, 05:17:55 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Ata-Beyit Milli Tarixi Memorial Kompleksi və Çingiz Aytmatovun ev-muzeyini ziyarət edib

TÜRKPA nümayəndə heyəti Bişkekə rəsmi səfəri çərçivəsində Ata-Beyit Milli Tarixi Memorial Kompleksi və Çingiz Aytmatovun ev-muzeyini ziyarət edib.

Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin tabeliyində olan dövlət qurumu Ata-Beyit Milli Tarixi Memorial Kompleksi 8 iyul 2000-ci il tarixində qırğız dövlətçiliyinin ən mühüm inkişaf mərhələlərinin tarixi yaddaşının bərpası və qorunub saxlanılması məqsədi ilə ölkənin Çuy vilayətinin Alamudin rayonunda, Qırğız dağ silsiləsinin ətəyində Taş-Döbö kəndində açılmışdır.

Ata-Beyit Kompleksinin ümumi sahəsi 3087 hektardır. Kompleksdə 1920-1930-cu illərdə Qırğızıstanın siyasi inkişafını əks etdirən sənədlər və fotoşəkillər, Çon-Taş qurbanları haqqında materiallar toplanıb. Qəbiristanlıq kompleksin mərkəzində yerləşir. Kompleksə abidələr, heykəllər və yurt şəklində tikilmiş muzey daxildir. Memorial görkəmli yazıçı Çingiz Aytmatovun təklifi ilə “Ata-Beyit” (“Ata evi/Ataların məzarlığı”) adlandırılıb.

Kompleksə, həmçinin 1937-1938-ci illər Stalin repressiyaları qurbanları, 1938-ci il 5-8 noyabr tarixlərində qətlə yetirilən Qırğızıstanın 137 ziyalısının, 19 etnik qrupun nümayəndəsinin xatirəsinə 1991-ci ildə ucaldılmış abidə daxildir. Siyasi baxışlarına görə edama məhkum edilən Qırğızıstanın görkəmli siyasi, dövlət və ictimai xadimləri arasında Çingiz Aytmatovun atası Törökul Aytmatov, Jusup Abdrahmanov, Qasım Tınıstanov, Bayalı Isakeyev və başqaları da var idi. Qurbanların adları muzeydəki xatirə lövhəsində həkk edilib və orada onların şəxsi əşyaları və sənədləri saxlanılır.

Kompleksdə 2008-ci il iyunun 14-də Ata-Beyitdə dəfn edilmiş böyük qırğız yazıçısı Çingiz Aytmatovun abidəsi də vardır.

Kompleksdə 1916-cı ildə baş vermiş faciəvi hadisələrin xatirəsinə ucaldılmış “Urkun” abidəsi qırğız xalqının rus ordusuna hərbi xidmətə çağırılmasına qarşı üsyanı və sonradan Çinə qaçışını simvolizə edir.

2010-cu ilin aprel hadisələri zamanı həyatını itirənlər də Ata-Beyit Kompleksində dəfn edilib.

Çingiz Aytmatovun ev-muzeyi Bişkekdən səkkiz kilometr aralıda Çon-Arık kəndində yerləşir. Muzey 2014-cü ildə Çingiz Aytmatovun qohumlarının təşəbbüsü ilə böyük yazıçının 20 ildən artıq yaşadığı evdə açılıb. Muzeydə yazıçının kitabları və mükafatlarının yer aldığı rəsm qalereyası və kitabxana mövcuddur.