Tuesday, 04 October 2022, 17:21:45 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA nümayəndə heyəti Bişkekdəki “Maarif” Təhsil Kompleksini ziyarət edib

14 yanvar 2022-ci il tarixində baş katib Mehmet Süreyya Erin başçılıq etdiyi nümayəndə heyəti Bişkekdə yerləşən “Maarif” Təhsil Kompleksini ziyarət etmişdir. Ziyarət zamanı heyət məktəbin direktoru və əlaqədar əməkdaşlar tərəfindən Komplekslə tanış edilmiş və onlara məktəb haqqında ətraflı məlumat verilmişdir.

İbtidai sinif şagirdləri ilə söhbət etdikdən sonra baş katib Kompleksin konfrans zalında orta və yuxarı sinif şagirdləri qarşısında çıxış etmişdir. Ziyarətdən məmnunluğunu ifadə edən cənab Er “Maarif” Təhsil Kompleksi tərəfindən təklif edilən, təhsil sahəsində Türkiyənin təcrübəsindən süzülüb gələn ən yaxşı imkanları vurğulamışdır. Baş katib çıxışında, həmçinin türk dünyasının rifahı və davamlı gələcəyi üçün təhsilin əhəmiyyətini vurğulamış və tələbələrə uğurlar arzu edərək onların bütün dünyada sülh, əmin-amanlıq və elmin inkişafına töhfə verəcəklərinə əminliyini ifadə etmişdir.

2021-ci ildə istifadəyə verilən “Maarif” Təhsil Kompleksi Qırğızıstanın Təhsil və Elm Nazirliyi tərəfindən təsdiq edilmiş siyasət və prosedur qaydalarına uyğun olaraq qırğız, rus, türk və ingilis dillərində keyfiyyətli təhsilin təmin edilməsi məqsədi daşıyır. Kompleks tələbələr üçün müasir tələblərə cavab verən üç ayrı korpusdan ibarətdir. Uşaq meydançası, idman, musiqi, etüd sinifləri, konfrans zalı, kitabxana, fənn laboratoriyaları olan kampus 15.000 m2 ərazini və 11.000 m2 qapalı sahəni əhatə edir.

Türkiyənin köklü təhsil nailiyyətlərinin hazırkı bayraqdarı olan Maarif Fondu hazırda 67 ölkədə sadə təhsil mərkəzlərindən tutmuş universitetlərə qədər 418 məktəb və yataqxana ilə 49.823 tələbəyə xidmət göstərir.

Qırğızıstan Türkiyə Maarif Fondunun təhsil müəssisəsi açdığı 46-cı ölkədir. Təhsil diplomatiyasının irəliləyişi olaraq, Türkiyənin sektordakı nüfuzunun genişləndirilməsi məqsədilə yaradılmış Fond bir neçə il ərzində mühüm dünya brendinə çevrilmişdir və Qırğızıstanın müxtəlif şəhərlərində və regionun digər ölkələrində də təhsil müəssisələrinin açılması istiqamətində səylərini davam etdirir.