Monday, 16 May 2022, 20:08:28 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş katib Qırğızıstanın Diplomatik Akademiyasının rektoru ilə görüşüb

13 yanvar 2022-ci il tarixində baş katib Mehmet Süreyya Er Qırğız Respublikasının Xarici İşlər Nazirliyinin Kazı Dikambayev adına Diplomatik Akademiyasının rektoru Çinara Adamkulova ilə görüşmüşdür. Görüşdə 2009-2010-cu illərdə Joqorku Keneşin (Parlamentin) sədri olmuş prorektor, prof. Zaynidin Kurmanov da iştirak etmişdir.

Baş katib TÜRKPA-ya üzv ölkələrdə türk dövlətlərinin müstəqilliyinin 30-cu ildönümü ilə əlaqədar əlamətdar tədbirlərin keçirildiyini qeyd etmişdir. O, həmçinin türk birliyinin möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətlərin əhəmiyyətini vurğulayaraq və bu kontekstdə Diplomatik Akademiyanın üzv dövlətlərin oxşar qurumları arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində təşəbbüslərini yüksək qiymətləndirərək səmərəli əməkdaşlığa hazır olduğunu bildirmişdir.

Tərəflər öz qurumlarının fəaliyyətlərinin əsas istiqamətlərinə dair məlumat vermiş və qarşılıqlı maraq doğuran sahələrdə birgə həyata keçirilə biləcək layihələri müzakirə etmişdir.