Thursday, 29 September 2022, 14:18:35 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA nümayəndə heyəti Qırğız-Türk Manas Universitetini ziyarət edib

13 yanvar 2022-ci il tarixində TÜRKPA nümayəndə heyəti baş katib Mehmet Süreyya Erin başçılığı ilə Qırğız-Türk Manas Universitetinin Rektorunun Birinci müavini Asılbek Kulmırzayev ilə görüşmüşdür. Görüşdə Rektor müavini prof. Mustafa Orçan, Baş katib Dosent Dr. Oktay Özgül, Xarici işlər ofisinin direktoru Dr. Kadri Ağgün, Radio və Televiziya direktoru, Mətbuat və İctimaiyyətlə əlaqələrin direktor müavini Dr. Bülent Namal iştirak etmişdir.

Görüş əsnasında Universitetin fəaliyyəti haqqında ətraflı məlumat verən cənab Kulmırzayev, Manas Universitetinin QS (Quacquarelli Symonds) reytinqində Şərqi Avropa və Mərkəzi Asiyanın ən yaxşı 451 universiteti arasında 156-cı yeri tutduğunu qeyd etmişdir. Reytinq 30 ölkənin universitetinin 10 müxtəlif meyar üzrə qiymətləndirilməsi üsulu ilə hazırlanır. QS dünyanın ən məşhur universitet reytinqlərindən biri kimi tanınır.

Baş katib öz növbəsində Universiteti Mərkəzi Asiyanın beynəlxalq səviyyədə tanınmış tələblərə cavab verən aparıcı ali təhsil müəssisələrindən biri kimi yüksək qiymətləndirmiş və universitetin müxtəlif sahələr, o cümlədən uğurla həyata keçirilən akademik işin nəticəsi olaraq təhsil və elm üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında rolunu vurğulamışdır.

Ziyarət zamanı baş katib canlı yayımda MEDIAMANAS TV-yə və Anadolu Agentliyinə müsahibə vermişdir. MEDIAMANAS Universitetin Qırğızıstan və Mərkəzi Asiyanın ən müasir avadanlıqları ilə təchiz edilmiş Televiziya studiyası və Radio kanalına malik Media Mərkəzidir. Mərkəzdən təkcə universitet əməkdaşları deyil, digər dövlət və özəl telekanallar, musiqiçilər və prodüser studiyaları da istifadə edə bilər. Mərkəz uzun illər Türkiyə və Qırğızıstanın nüfuzlu media qurumlarında çalışmış təcrübəli komandası ilə təqdirəlayiq xidmət təklif edir.