Monday, 16 May 2022, 18:36:11 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş katib Bişkekdə TİKA-nın Proqram Koordinatoru ilə görüşüb

12 yanvar 2022-ci il tarixində TÜRKPA nümayəndə heyəti baş katib M. Süreyya Erin başçılığı ilə TİKA-nın Bişkekdə yerləşən Proqram Koordinasiya Ofisini ziyarət edib.

Proqram Koordinatoru Osman Usta baş katibə TİKA tərəfindən Qırğız Respublikasında həyata keçirilən əhəmiyyətli layihələr və gələcək fəaliyyətlər haqqında məlumat verib. Baş katib TİKA-nın Bişkekdəki Proqram Koordinasiya Ofisinin qırğız xalqının sosial rifahına töhfə verən fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

TURKPA nümayəndə heyəti, həmçinin TİKA-nın ən böyük layihələrindən biri olan, əsasən kardiologiya üzrə ixtisaslaşmış, yüksək texnologiyalara əsaslanan tibbi əməliyyatların həyata keçirildiyi Qırğız-Türk Dostluq Hospitalının binası ilə də tanış olmuşdur.

TİKA ilk dəfə 1992-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Orta Asiya və Qafqazda Türk dövlətlərinə texniki yardımın göstərilməsi məqsədi ilə yaradılıb. Lakin 2002-ci ildən etibarən Türkiyə hökumətinin çoxşaxəli xarici siyasətinə uyğun olaraq, yardım fəaliyyətləri Asiya, Afrika və Latın Amerikasının demək olar ki, bütün inkişaf etməkdə olan ölkələrini əhatə edəcək şəkildə genişləndirilmişdir. Bu gün TİKA 5 qitədə, 60 ölkədə yerləşən 62 Proqram Koordinasiya Ofisi vasitəsilə 150-dən çox ölkədə fəaliyyət göstərir.