Sunday, 25 September 2022, 06:14:03 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TİKA-nın Bakı Ofisinin nümayəndələri TÜRKPA Katibliyini ziyarət edib

27 dekabr 2021-ci il tarixində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakıdakı Proqram Koordinasiya Ofisinin koordinatoru Fatih Yılmaz və onun müavini Ahmet Çanqa Katibliyi ziyarət etmiş və baş katiblə görüşmüşdür. Tərəflər gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparmışdır.

TİKA-nın Bakı Ofisinin koordinatoru baş katibi vəzifələrinin icrasına başlaması münasibətilə təbrik etmiş və “Qarabağın yenidən qurulması və inkişafı”, “Qeyri-neft sektorunun inkişafı”, “Sosial bərabərsizliklərin aradan qaldırılması”, “Ortaq sivilizasiya dəyərlərimizin inkişaf etdirilməsi”, “Digər ölkələrdə birgə fəaliyyətlərin inkişaf etdirilməsi” kimi strateji prioritetlərə uyğun hazırlanmış layihələri vurğulamaqla, TİKA-nın fəaliyyətləri haqqında məlumat vermişdir.

Görüş zamanı baş katib M. Süreyya Ər iki qurum arasındakı əlaqələrin əhəmiyyətini vurğulamış və TİKA-nın xaricdəki ilk ofislərindən biri olan Bakı Koordinasiya Ofisinin 1994-cü ildə fəaliyyətə başladığını və o zamandan etibarən Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığı daha da gücləndirdiyini xatırladaraq, onun müxtəlif innovativ layihələrdə həyata keçirdiyi fəaliyyətləri yüksək qiymətləndirdiyini bildirmişdir.

TİKA ilk dəfə 1992-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Orta Asiya və Qafqazda Türk dövlətlərinə texniki yardımın göstərilməsi məqsədi ilə yaradılıb. Lakin 2002-ci ildən etibarən Türkiyə hökumətinin çoxşaxəli xarici siyasətinə uyğun olaraq, yardım fəaliyyətləri Asiya, Afrika və Latın Amerikasının demək olar ki, bütün inkişaf etməkdə olan ölkələrini əhatə edəcək şəkildə genişləndirilmişdir. Bu gün TİKA 5 qitədə, 60 ölkədə yerləşən 62 Proqram Koordinasiya Ofisi vasitəsilə 150-dən çox ölkədə fəaliyyət göstərir.