Saturday, 24 September 2022, 20:57:52 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA BMT-nin Terrorizmə qarşı Mübarizə Ofisinin təşkil etdiyi dəyirmi masada iştirak edib

14-15 dekabr 2021-ci il tarixində baş katibin müavini Fuad Ələkbərov BMT-nin Terrorizmə qarşı Mübarizə Ofisinin Terrorizmə qarşı Mübarizə Mərkəzi və BMT-nin Mərkəzi Asiya üzrə Preventiv Diplomatiya Regional Mərkəzi tərəfindən Qətərin Doha şəhərində təşkil edilən “Terrorizmə və terrorizmə şərait yaradan zorakı ekstremizmə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planlarının həyata keçirilməsində parlamentarilərin rolu” mövzusunda iki günlük dəyirmi masaya qatılmışdır.

"BMT-nin Mərkəzi Asiyada qlobal antiterror strategiyasının həyata keçirilməsi istiqamətində" mövzusunda üç paneldən ibarət olan tədbir, Avropa İttifaqı-BMT-nin Asiyada təşəbbüsünün bir hissəsi olaraq, BMT-nin TQMO-i və BMT-nin MARM-nin birgə layihəsi çərçivəsində keçirilmişdir.

Sessiyanın açılışında BMT baş katibinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, BMT-nin Mərkəzi Asiya üzrə Preventiv Diplomatiya Regional Mərkəzinin rəhbəri Natalya German və BMT-nin TQMO-nin Xüsusi layihələrin həyata keçirilməsi şöbəsinin müdiri Mauro Miediko çıxış etmişdir.

Dəyirmi masanın məqsədi Mərkəzi Asiya parlamentariləri, eləcə də parlament assambleyaları və beynəlxalq təşkilatlar arasında Milli Fəaliyyət Planlarının işlənib hazırlanmasına töhfə verilməsində parlamentarilərin rolu haqqında müzakirələrə başlamaqdan ibarət olmuşdur.

İştirakçılar beynəlxalq standartlar və bu sahədə qabaqcıl təcrübə, eləcə də maneələr və imkanları nəzərdən keçirmiş və terrorizmdən azad gələcəyə nail olmaq məqsədilə mövcud təhlükəsizlik problemlərinin birgə həlli qarşısında öhdəliklərini vurğulamışdır. Tədbirdə Mərkəzi Asiya ölkələrindən 80-dən çox iştirakçı, o cümlədən parlament və parlament assambleyalarının üzvləri, zorakı ekstremizmin qarşısının alınması və mübarizə üzrə mütəxəssislər, BMT agentlikləri, eləcə də beynəlxalq, regional və ixtisaslaşmış təşkilatların nümayəndələri iştirak etmişdir.

Mərkəzi Asiya ölkələrindən olan parlamentarilər müvafiq olaraq öz ölkələrinin Milli Fəaliyyət Planlarına dair təqdimatlar ilə çıxış etmişdir.

Təqdimatların ardınca parlament assambleyalarının MFP-nın həyata keçirilməsində roluna və BMT-nin parlamentarilərlə qarşılıqlı əlaqəsinə həsr olunmuş sessiyalar baş tutmuşdur.