Monday, 17 January 2022, 05:59:05 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Təsis İclasında iştirak edib

TÜRKPA baş katibi Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti 28 noyabr 2021-ci il tarixində İspaniyanın Madrid şəhərində keçirilən Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Təsis İclasında iştirak etmişdir.

Parlament Şəbəkəsinin Təsis İclası Azərbaycan tərəfinin təklifi və Qoşulmama Hərəkatına sədrlik edən ölkənin nümayəndə heyətinin rəhbəri qismində Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın ev sahibliyi ilə baş tutmuşdur.

Təsis İclasında Azərbaycanla yanaşı, TÜRKPA-ya üzv ölkələrdən Qazaxıstan və Türkiyənin nümayəndə heyətləri iştirak etmişlər. İclasda Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop çıxış etmişdir. İclasda iştirak edən nümayəndə heyətləri rəhbərlərinin, eləcə də beynəlxalq təşkilat rəhbərlərinin çıxışları dinlənilmişdir.

TÜRKPA baş katibi çıxışında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə müxtəlif sahələrdə həyata keçirilən uğurlu təşəbbüsləri, xüsusilə də COVID-19 pandemiyası ilə mübarizə üzrə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasını, eləcə də pandemiyaya qarşı mübarizədə vaksinlərin ədalətli paylanması ilə bağlı təşəbbüsləri ifadə etmişdir. O, həmçinin bu proseslərdə Hərəkatın Sədri, Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin diqqətəlayiq rolunu qeyd etmişdir. Baş katib 21-ci əsr dünyasında parlament diplomatiyasının əhəmiyyətini vurğulayaraq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasının Hərəkatın beynəlxalq nüfuzunun və təsirinin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir. Sonda baş katib qeyd etmişdir ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində iştirak etmək və bu kontekstdə səmərəli əməkdaşlıq etmək çox vacibdir.

Təsis İclasının sonunda iştirakçılar Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması haqqında Madrid Bəyannaməsini qəbul ediblər.

Təsis İclası konsert müşayiətində Qala Yeməyi ilə davam etmişdir.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar