Friday, 30 September 2022, 13:28:49 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Qırğızıstan Prezidenti müşahidə missiyaları başçıları ilə görüşüb

2021-ci ilin 29 noyabr tarixində Qırğız Respublikası Prezidenti Sadır Japarov Qırğızıstanda parlament seçkilərinin müşahidəsində iştirak edən beynəlxalq seçki müşahidə missiyalarının başçıları ilə görüşmüşdür. TÜRKPA Seçki Müşahidə Missiyasının başçısı, Türkiyə Böyük Millət Məclisinin üzvü Recep Şeker görüşdə iştirak etmişdir.

Baş tutmuş parlament seçkilərinin ölkənin və cəmiyyətin gələcəyi üçün xüsusi əhəmiyyətini vurğulayan dövlət başçısı Qırğızıstanda seçki prosesinin müşahidəsində iştirak üçün minnətdarlığını ifadə etmişdir.

Qırğızıstan Prezidenti parlament üzvlərinin seçilməsinin yeni sisteminə toxunmuş və cəmiyyətin bütün seqmentlərinin parlamentdə təmsil olunması üçün seçki qanunvericiliyinin qadınlar, gənclər, etnik azlıqlar və əlilliyi olan şəxslər üçün kvotalar tətbiq etdiyini qeyd edərək, parlament seçkiləri zamanı rəqabət mühitinə diqqət çəkmişdir. Prezident Japarov cəmiyyətin tələbinə cavab verən ədalətli, şəffaf və rəqabətli seçkilərin keçirilməsi üçün göstərilən səyləri vurğulamışdır.

Müşahidə missiyaları başçıları parlament seçkilərinin uğurla baş tutması münasibətilə dövlət başçısını və qırğız xalqını təbrik etmiş, seçkilərin keçirilməsi və seçki prosesində şəffaflığın təmin olunması üçün həyata keçirilən yüksək səviyyəli təşkilati işi qeyd etmişdir.