Friday, 30 September 2022, 13:19:08 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Türk Şurasının 8-ci Zirvə görüşü İstanbulda keçirilib

TÜRKPA baş katibi 12 noyabr 2021-ci il tarixində Türk Şurasının “Rəqəmsal dövrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər” mövzusunda İstanbulda keçirilmiş 8-ci Zirvə görüşündə iştirak edib.

Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyində baş tutan Zirvə görüşündə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikası Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Japarov, Özbəkistan Respublikası Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Respublikası Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş Naziri Viktor Orban və Türk Şurasının baş katibi Bağdad Amreyev çıxış edib. 

Zirvə görüşündə əlaqələrin gələcək inkişafı və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti, o cümlədən türkdilli ölkələr arasında ticarət əlaqələrinin təşviqi müzakirə olunmuşdur.

Zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi, təşkilatda Türkmənistana müşahidəçi statusunun verilməsi, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu, Türk İnvestisiya Fondunun yaradılması, təşkilatda tərəfdaş statusunun təsis edilməsi, eləcə də Türk Dövlətləri Təşkilatının fəxri sədri haqqında Əsasnamə üzrə qərar kimi mühüm qərarlarla əlamətdar olmuşdur.

Zirvə görüşü dövlət başçıları tərəfindən Türk Şurasının 8-ci Zirvə görüşünün İstanbul Bəyannaməsinin imzalanması ilə başa çatmışdır.

Tədbir çərçivəsində, həmçinin dövlət və hökumət başçılarının iştirakı ilə Türk Şurası Katibliyinin yeni binasının açılış mərasimi də keçirilmişdir.