Thursday, 29 September 2022, 14:39:28 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA ANKASAM-ın konfransında iştirak etmişdir

6 noyabr 2021-ci il tarixində TÜRKPA baş katibinin müavini dövlət və ictimai xadimlərin, beynəlxalq təşkilatların, diplomatik missiyaların nümayəndələrinin, türkdilli ölkələrin və Belçika, Çin, Gürcüstan, Macarıstan, Hindistan, Pakistan, Rusiya, Ukrayna, Böyük Britaniya və ABŞ kimi digər ölkələrin akademik dairələrinin nümayəndələrinin iştirakı ilə Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzi (ANKASAM) tərəfindən keçirilən “Qlobal güc mübarizəsi kölgəsində inteqrasiya axtarışı və Türk dünyası” mövzusunda onlayn konfransa qatılmışdır.

Tədbir çərçivəsində “Yeni böyük oyun və Türk dünyası: Təhdidlər və fürsətlər”, “Türk dünyasında əməkdaşlıq axtarışı”, “Avrasiyada əməkdaşlıq axtarışı”, “Türk dünyası və regional-qlobal aktorlar” və “Türk dünyasında inteqrasiya prosesinin gələcəyi” mövzularına dair beş sessiya keçirilmişdir.

Konfransın açılış mərasimində ANKASAM-ın prezidenti professor Mehmet Seyfettin Erol, TÜRKSOY-un baş katibi prof. Düsen Kaseinov, TÜRKPA baş katibinin müavini Talqat Aduov, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli və Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər Institutunun prorektoru Gülşat Yusupova çıxış etmişdir.

İştirakçıları salamlayan cənab Aduov İkinci Qarabağ müharibəsində qələbənin ildönümü münasibətilə Azərbaycanı və digər türkdilli dövlətləri təbrik edib. O, həmçinin türk dünyasının inkişaf perspektivlərini, o cümlədən türkdilli ölkələrin əməkdaşlığı üçün inteqrasiya layihələrini müzakirə edib.

İştirakçılar müasir dövrün problemləri, riskləri və çağırışlarını müzakirə edib, öz fəaliyyət sahələri və təcrübələrinə əsaslanan müvafiq həll yolları və əməkdaşlıq üsullarını təklif edib. Onlar regional və qlobal təhlükəsizlik çağırışlarının həllində dövlətlərin sülhsevər səylərinin əhəmiyyətini də qeyd ediblər. İştirakçılar, həmçinin Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin türk xalqlarının birliyinə və türk dünyasında inteqrasiya proseslərinə verdiyi töhfəni və rolunu vurğulayıb.