Thursday, 29 September 2022, 14:31:58 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA “44 günlük Zəfər yolu” mövzusunda konfransa qatılmışdır

5 noyabr 2021-ci il tarixində TÜRKPA Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilmiş konfransda iştirak edib. Konfransın mövzusu “44 günlük Zəfər yolu” olmuşdur.

Tədbirdə dövlət rəsmiləri, Xarici İşlər Nazirliyinin rəhbər heyəti, eləcə də diplomatik missiya və beynəlxalq təşkilatların rəhbər və nümayəndə heyətləri iştirak edib.

Bir paneldən ibarət olan konfransda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Azərbaycan Respublikasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ADA Universitetinin rektoru Hafiz Paşayev, Vətən Müharibəsi iştirakçısı Vasif Dilavərzadə, həmçinin Türkiyənin Altınbaş Universitetinin rektoru, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Prof. Dr. Çağrı Erhan və Milli Müdafiə jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko çıxış ediblər.

Konfrans şəhidlərin xatirəsinə həsr edilmiş video təqdimat və “Qarabağ işğaldan öncə, işğal dövründə və azad olunandan bir il sonra” mövzusunda foto-sərgi ilə yekunlaşıb.