Thursday, 29 September 2022, 15:57:44 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Katibliyində Zəfər Günü münasibətilə iclas keçirilmişdir

5 noyabr 2021-ci il tarixində TÜRKPA Katibliyində 8 noyabr – Zəfər Günü münasibətilə iclas keçirilmişdir. Baş katib Mehmet Süreyya Er iclasda çıxış edərək bu əlamətdar hadisə ilə əlaqədar Azərbaycan xalqını təbrik etmiş, Vətən müharibəsi şəhidlərinə rəhmət, qazilərə şəfa diləmiş, eləcə də zəfər yürüşündə qazanılmış uğurların əhəmiyyətini vurğulamışdır.

Qeyd olunmuşdur ki, 30 ilə yaxın müddətdə Azərbaycana qarşı irəli sürülən əsassız ərazi iddiaları və həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində tarixi Azərbaycan ərazisi haqsız işğala məruz qalmışdır.

Şanlı Azərbaycan Ordusu 44 günlük mübarizədə göstərdiyi misilsiz şücaət və əzmkarlıqla Vətən torpaqlarını azad etmiş və əldə edilmiş bu böyük zəfər müasir dövrün tarixinə bənzərsiz hadisə kimi yazılmışdır. Eyni zamanda Türkdilli dövlətlərin tarixən Vətən uğrunda apardığı mübarizədən hər zaman qalib çıxdığı xüsusi olaraq vurğulanmışdır.

Azərbaycan xalqının iradəsi, ölkə liderinin apardığı uğurlu siyasət, müasir ordu quruculuğu, o cümlədən bu mübarizədə qardaş türkdilli dövlətlərin daim göstərdiyi dəstək ölkənin qələbəsini təmin etmiş və bütün dünyaya Azərbaycanın düşmən üzərində tarixi qələbə qazandığını sübut etmişdir.