Thursday, 29 September 2022, 16:19:54 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində iştirak edib

TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyasının katibi Kunduz Rustembekova 27-28 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İƏGF) birgə təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində iştirak edib. Görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş iki günlük tədbirə dünyanın 20-dən çox ölkəsindən nazirlər, beynəlxalq təşkilatlar və diplomatik korpus, biznes və gənclər təşkilatlarının nümayəndələri və investorlar qatılıb.

Açılış mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Fərid Qayıbov, Türkiyə Prezident Administrasiyasının Maliyyə ofisinin rəhbəri cənab Göksel Aşan, Türkiyə Prezidenti yanında İnvestisiya ofisinin rəhbəri Burak Dağlıoğlu, Dünya Etnoidman Konfederasiyasının prezidenti cənab Bilal Erdoğan, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Kondeferasiyasının prezidenti Məmməd Musayev, Türkiyə Respublikası Sənaye və Texnologiyalar nazirinin müavini Çetin Ali Dönmez, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin baş katibi Mahmut Erol Kılıç, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İƏGF-nun prezidenti Taha Ayhan çıxış ediblər.

Sammitin gündəliyində Qarabağa investisiya qoyuluşu, pandemiyadan sonrakı dövrdə iqtisadiyyatın bərpası üçün güclü startap ekosistemi, davamlı inkişafa nail olmaqda texnoloji investisiyaların rolu mövzularında panellər yer alıb.